Rəssam Rizvan İsmayılın Yepiskop Qiorqi Camdelianiyə bir dost müraciəti...
Marneuli və Hucabinin Yepiskopu Qiorqi (Camdeliani) 24 may tarixində həftəlik ayin zamanı Nəriman Nərimanovun Marneuli Mədəniyyət Evininin ərazisindəki parkda yerləşən abidəsindən danışıb və Marneuli merini abidənin bərpasına görə üzr istəməyə və dərhal abidənin sökülməsinə başlamağa çağırıb.

Müsəlman din xadimi və rəssam, Rizvan İsmayıl "Facebook" səhifəsində paylaşım edərək Marneuli və Hucabinin Yepiskopu Qiorqi (Camdeliani) bəyanatına münasibətini bildirib. Həmin paylaşımı sizə olduğu kimi təqdim edirik:

"26 may-Gürcüstanın müstəqillik günüdür, bayramınız mübarək olsun! 

Yepiskop Qiorqi Camdelianiyə bir dost müraciəti...

Marneuli və Hucabi yepiskopu Qiorqi Camdelianidən, bir din xadimi olaraq yaşadığı ölkənin əhalisinin 80%-dən çoxu müsəlman olan biz azərbaycanlılar, Ramazan (Fitr) bayramı təbriki gözləyirdik! Niyə gözləyirdik? Ona görə ki, biz həmişə, istər fərd, istərsə də təşkilat olaraq yerli xristian vətəndaşlarımızı, demək olar ki bütün dini bayramları münasibəti ilə təbrik etmişik! Bu, bir daxili mədəniyyət və hörmətin təzahürüdür! Amma əksinə oldu. Çox təəssüflər olsun ki, bu günlərdə ölkəmizin rəsmi xristian din xadimindən tanınmış tarixi şəxsiyyət, yazıçı, ictimai xadim N. Nərimanovun Marneuli rayon mərkəzində ucalan heykəli ilə bağlı xoşagəlməz sözlər eşitdik!

Cənab Camdeliani, soruşsanız N.Nərimanov biz azərbaycanlılardan ötrü kimdir? O, bir maarifpərvər-müəllim, yazıçı-klassik, xeyriyyəçi həkim və nəhayət vicdanlı bir insan olub. Onun vaxtilə bir yüksək rütbəli kommunist-dövlət xadimi olmasının bu gün bizim üçün də bir önəmi yoxdur!

Cənab Camdeliani! Bu gün, biz, din xadimləri olaraq, gənclərimizi, xalqımızı bir-birimizin dini, milli dəyərlərimizə qarşılıqlı hörmət və ehtiram ruhunda tərbiyə etməliyik. Gözəl ölkəmiz olan Gürcüstanın, işğal olunmuş ərazilərinin azad olunması üçün vətənpərvərlik ideyaları ilə hazırlamalıyıq! Hörmətli patriarx, II İlya cənablarının müsəlman din xadimləri ilə dostluq və qarşılıqlı hörmətlə rəftar edib, siyasət yürütdüyünü sizli-bizli hamımız görmüşük!

Milli vətənimiz olan Azərbaycan Respublikasının, qonşu və qardaş dediyi Gürcüstan Respublikasına saysız-hesabsız yaxşılıqlarının hamımız şahidiyik! Ölkəmizin büdcəsinə ən çox vergi ödəyən SOCAR neft şirkəti olduğunu bilirsiniz! İçərisində pulsuz isindiyimiz kilsə və məscidləri təbii qazla məhz SOCAR-ın təmin etdiyini bilirsiniz! Şəxsən sizin əyləşdiyiniz Marneulidəki kilsənin də tikintisində, xeyriyyəçi azərbaycanlıların maddi dəstəyi olub. Dövlətlərarası münasibətlərin belə gözəl vaxtında N.Nərimanovun Hereti (Zaqatala) bölgəsinin Azərbaycana verilməsi mövzusunu öz bazar günkü çıxışınızda söyləməniz, bizim, bir din xadimi olaraq, ürəyimizi sızlatdı. Bizim din xadimlərimiz öz cümə xütbələrində həmişə xalqlarımızın dostluğu və ölkələrimizin ərazi bütövlüyü üçün dua edirlər!

Rayonumuzun meri Zaur bəy Darğallı burada yeni heykəl ucaltmayıb, sadəcə xalqımızın çoxsaylı xahişlərini nəzərə alıb və N.Nərimanovun heykəlini təmir etdirib, sağ olsun! Siz, ondan üzr istəməyi tələb edirsiniz, bu əslində, bizim hamımızdan üzr tələb etmək kimi alınır. Təbii ki, sizin belə bir fikriniz olmayıb. Lakin, belə həssas zamanda və belə incə mövzularda çıxış edəndə, gərək hər birimiz çox diqqətli olaq! N. Nərimanov bir xəyanətkar şəxs olsaydı, biz azərbaycanlılar heç zaman ona dəyər verməzdik! Çünki, bir xalq olaraq biz azərbaycanlılar xəyanətkar olmamış, həmçinin nankorluq da etməmişik. Gürcüstan tarixində gürcü xalqına və dövlətçiliyinə ən sədaqətli xalq olmuşuq! Və sonda, Uca Tanrıdan arzu və dua ilə istəyirik ki, xalqlarımız arasında dostluq və mehribanlığı günbəgün artırsın, Gürcüstan və Azərbaycan Respublikalarının qardaşlığını Öz qüdrət əli ilə möhkəmlətsin! Amin!

Hörmətlə: müsəlman din xadimi və rəssam, Rizvan İsmayıl".
Print ელ. ფოსტა
FaceBook Twitter Google