1 və 2 nömrəli marşrutların direktoru qiymətləri özbaşına bahalaşdırdığına görə sürücüləri cəzalandırmağı planlaşdırır
Marneulidə 1 və 2 nömrəli marşrut taksiləri kəndlər istiqamətində gediş haqqını bahalaşdırıb. Marşrut xəttinin sahibi olan şirkətin direktoru Yuri Samxaradze “Marneuli” radiosuna verdiyi müsahibəsində bildirib ki, gediş haqqı yalnız Marneulidə 10 tetri bahalaşıb. Ancaq kəndlərdə “marşrutkalara” minən sərnişinlər yeni tariflə qarşılaşıb.

“Bu gün 60 tetri ödəməli olduq. İndiyə qədər 50 tetri ödəyirdim. Həm də bilirdik ki, bizim kənddən (Saimerlo) gediş haqqı bahalaşmayacaq. Sürücü yeni qiymətləri yazıb yapışdırmışdı”, – Saimerlo sakini “Marneuli” radiosuna bildirib.

Şirkətin direktoru Yuri Samxaradze deyib ki, artmış tariflər haqqında heç bir məlumatı yoxdur və buna heç inanmır da.

“Bilmirəm necə olub, amma qiymətlər birbaşa yazılıb – 50 tetri. 10 tetri kimsə sürücüyə hədiyyə edibsə, bu mənim işim deyil. İçəridə yazılıb ki, gediş haqqı 50 tetridir. Biz bahalaşdırmamışıq, hər yerdə qiymət 50 tetridir.”

“Marneuli” radiosu 1 nömrəli marşrut nəqliyyat vasitəsində artırılmış qiymətləri təsdiq edən foto çəkib. Biz bir daha Yuri Samxaradze ilə əlaqə saxladıq. O, faktı öyrəndi və artırılmış qiymətləri sürücülərin özbaşınalığı adlandırdı.

“Ola bilməz. Hansı maşından söhbət gedir? Həmin maşını mütləq cəzalandıracağıq. Qiymətləri öz əlimizlə yazmışıq. Hər şeyi müəyyənləşdirəcəyik. Mən artıq bu məsələ ilə bağlı dispetçerləri göndərmişəm. Kimsə 60 tetri yazıbsa, onu cəzalandıracağıq.”

Bələdiyyənin balansında olan avtobuslarda qiymət olduğu kimi qalır. Marneulidə ictimai nəqliyyatın hərəkəti 29 may tarixindən bərpa olunub. Sərnişinlərə maska taxmaq vacib olacaq. Sərnişinlərin ayaq üstə durması qadağandır.

Marneulidə bütün növ ictimai nəqliyyatın hərəkəti 17 mart tarixində qadağan olunmuşdu.

Print ელ. ფოსტა
FaceBook Twitter Google