Xeyirxah insanlar illərdir ki, dam örtüyü olmayan ailəyə kömək edir (VİDEO)
16:38 / 29.05.2020
45 yaşlı Azər Hüseynov Marneuli rayonunun İmir kəndində yaşayır. O,
10 ilə yaxındır ki, 4 nəfərlik ailəsi ilə birlikdə iki otaqlı
tikiliyə sığınıb.
İllərdir ki, tikilinin dam örtüyü yoxdur. Ailə yaşadıqları tikiliyə
yağış, qar yağmasın deyə, dama çadır çəkib və illərdir bu
vəziyyətdə həyatda qalmağa çalışırlar.
Azər Hüseynovun həyat yoldaşı epilepsiya xəstəliyindən əziyyət
çəkir. Ailənin maddi vəziyyəti aşağı olduğundan, Azər həyat
yoldaşını müalicə etdirə bilmir. Onun sözlərinə görə, onların daimi
gəlir yerləri yoxdur. O, dövlət tərəfindən aldığı 150 lari sosial
yardımla və kəndlərdən topladığı dəmir parçalarını satmaqla
dolanır.
Bir neçə gün əvvəl xeyirxah insanlar tərəfindən ailəyə köməklik
edilib. İndi ailənin yaşadığı tikili təmir edilir. Tikilinin
qapı-pəncərələri dəyişdirilir, dam örtüyü düzəldiləcək. Azər
Hüseynov və onun ailə üzvləri evlərinin təmir olunmasına görə çox
sevinir və yardım edənlərə təşəkkürünü bildirirlər.
“Allah canlarını sağ etsin. Bizim evə yağış damırdı.
Kömək yox idi ki, düzəldək, indi kömək etdilər, bizi bu vəziyyətdən
qurtardılar. Bizə 150 lari yardım verirlər, amma bu yetmir.
İşim-gücüm yoxdur, dəmir yığıram, motosikletlə gəzirəm, göyərti
satıram, keşniş satıram, birtəhər çörək pulu düzəldir və başımızı
hərləyirik”, – Azər Hüseynov dedi.
Hüseynovlar ailəsinin evinin təmir edilməsində iştirak edən və
yardım aksiyasını həyata keçirən İmir kənd sakini Kamran Məmmədovun
sözlərinə görə, onlar bu yardım aksiyasını Ramazan ayından
başladıblar. Yardım aksiyası başlayandan bu günə qədər təxminən 6
min lariyə qədər vəsait toplanıb.
“Biz evlərə yardımla bağlı kampaniyaya Ramazan ayının
ortalarında start verdik. Qısa müddət ərzində yardımsevər
insanların dəstəyi ilə və bir sıra yardım fondları tərəfindən
olunan yardımlarla biz artıq qəzalı vəziyyətdə olan evin təmir
işlərinə başlamışıq. İlkin mərhələdə yağan yağışlar evə yağdığı
üçün dam örtüyü və evin içində bir sıra təmir işləri nəzərdə
tutulur. Bundan əlavə bizim yardımlarımız hələ də davam edir.
Yardımlar olunur və bu vəziyyətdə olan evlər var ki, onların da bir
sıra təmir işlərinə ehtiyac var”, – Kamran Məmmədov
dedi.
Kamran Məmmədovun sözlərinə görə, onlar ilk olaraq başqa ailəyə
yardım etmək məqsədi ilə aksiyaya başlayıblar. Həmin ailənin də evə
ehtiyacı olub. İndi həmin ailəyə yeni evin inşası üçün yardım
edəcək xeyirxah insanlar var.
“Həmin ailə müvəqqəti olaraq İmir kəndində yaşayır.
Həmin ərazidə yeni evin tikilməsi üçün şərait yoxdur. Həmin ailənin
Bəylər kəndində torpaq sahəsi var. Xeyriyyəçilər gözləyirlər ki,
ailə Bəylər kəndinə qayıtsın və daha sonra evin tikilməsi işinə
başlasınar”, – Kamran Məmmədov dedi.
Kamran Məmmədov onu da əlavə etdi ki, onların başladıqları yardım
aksiyaları davam edir. Yardım etmək istəyən xeyirxah insanlar
onlara müraciət edə bilərlər.
Qeyd edək ki, evsiz insanlara yardım etmək və maddi dəstək olmaq
istəyənlər GE49BG0000000101180046GE
(Kamran Mamedov) hesab nömrəsinə ödəniş edərək yardım edə
bilərlər.