Seyid Mirtağı Əsədov Dövlət Təhlükəsizlik Xidmətinə çağırılıb
Ümum Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin Şeyxi və sədri Seyid Mirtağı Əsədov Dövlət Təhlükəsizlik Xidmətinə çağırılıb. Bu barədə məlumatı "Marneuli" radiosu ilə söhbəti zamanı Seyid Mirtağı Əsədov verdi. Onun sözlərinə görə, bu gün saat 2 radələrində ona zəng vuraraq DTX-yə çağırıblar. Seyid Mirtağı Əsədov bildirdi ki, onun DTX-yə çağrılmasına səbəb son zamanlar ictimai fəaliyyəti ilə bağlıdır.

"Bu gün 17:00-da DTX-də olmağımı istədilər. Mən də bildirdim ki, vəkillə məsləhətləşim, daha sonra qərar verəcəyik. Məsləhətləşdikdən sonra DTX-yə getməyimi 6 iyun saat 12:00-a keçirdilər. Bizi çağırmaqlarında məqsəd son zamanlar ictimai aktivliyimiz, dini fəaliyyətmizlə əlaqədar ola bilər. Son zamanlar regionu qarışdırmaq istəyən qüvvələrə qarşı xalqın yanında mövqe tutduq. Bildirdik ki, bu cür məsələlər bizə lazım deyil. Bizə sakitlik lazımdır. Birlik lazımdır, bu torpaq hər birimizindir",
– Seyid Mirtağı Əsədov dedi.

30 may tarixində Dövlət Təhlükəsizliyi Xidmətinin Dövlət Təhlükəsizliyi Departamenti bəyanat yayaraq bildirib ki, irqi ayrı-seçkilik maddəsi ilə istintaqa başlayıb. Açıqlamada bildirilir ki, departamentdə mövcud olan operativ məlumatlara əsasən, Gürcüstanda Kvemo Kartli və Kaxeti bölgələrində etnik gürcülər və azərbaycanlılar arasında etnik qarşıdurmanı qızışdırmağa çalışan qruplar və bir sıra vətəndaşlar var. Buna görə də Dövlət Təhlükəsizlik İdarəsi irqi ayrı-seçkilik faktı ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 1421-ci maddəsinin 3-cü hissəsinin “a” bəndi ilə istintaq aparır. Həmin maddə qrup tərəfindən milli düşmənçilik və ədavət yaratma, milli hörmət və ləyaqəti alçaltma məqsədi ilə yol verilmiş hərəkət, eyni zamanda insanların milli və etnik mənsubiyyətinə görə hüquqlarının birbaşa və ya dolayı yolla məhdudlaşdırılması, və ya eyni əlamətlərlə insanlara üstünlük verilməsini nəzərdə tutur.

Onu da əlavə edək ki, 3 iyun tarixində Marneulili mülki fəal və hüquq müdafiəçisi Samirə Bayramova da Dövlət Təhlükəsizlik Xidmətinə ifadə verməyə çağırılıb. Bayramovanın bəyanatına görə, ifadə verməsi DTX tərəfindən irqçiliklə bağlı ayrı-seçkilik faktına görə başlanılmış istintaqla bağlı olub.

TV Pirvelinin məlumatına görə, Marneuli meri Zaur Darğallı 2 iyunda DTX-ya çağırılıb. Məsələnin təfərrüatları məlum deyil, Zaur Darğallı isə müsahibə vermir. Kanalın Jurnalistinin məlumatına görə, Zaur Darğallıdan başqa bir neçə Marneulilinin də DTX-nə çağırılması planlaşdırılır.

Print ელ. ფოსტა
FaceBook Twitter Google