Nəriman Nərimanovun Marneuli meriyasının qarşısında yerləşən
heykəlinin bərpası üçün “Təmiz Marneuli”nin (“Supta Marneuli”)
büdcəsindən pul ayrılıb.
Marneulidə yerləşən abidələrə xidmət göstərilməsi bələdiyyənin
təmizlik xidmətinə həvalə olunub. “Təmiz Marneuli”nin direkotoru
Leri Mumladze “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki,
abidənin bərpasına 7 000 lariyə yaxın pul xərclənib.
“Marneuli meriyasının sərəncamı əsasında 5 mart tarixində abidənin
bərpa işlərinə başladıq. Amma karantinə görə müvəqqəti
dayandırılmışdı. Əgər səhv etmirəmsə, karantin başa çatdıqdan
sonra, 23 may tarixində işləri bitirdik”, – Leri Mumladze dedi.
“Təmiz Marneulinin” direktorunun sözlərinə görə, təşkilat abidələrə
xidmət üçün büdcədən pul ayırıb və Nərimanovun abidəsinin bərpası
da məhz həmin pulla həyata keçirilib.
Marneuli bələdiyyəsinin yerli özünüidarəsi artıq 25-ci iş günüdür
ki, Nərimanovun heykəlinin bərpası ilə əlaqədar “Marneuli”
radiosuna rəsmi məlumat vermir. Meriyadan bildirdilər ki, məktuba
artıq cavab hazırlanıb, ancaq merin imzasını gözləyirlər.
Marneuli və Hucabinin yepiskopu Qiorqinin (Camdeliani) Marneuli
merindən Nərimanovun heykəlinin götürülməsini tələb etdikdən sonra
Marneulidə Nəriman Nərimanovun abidəsi məsələsinin müzakirəsi
başlamışdı.
Marneuli və Hucabi yepiskopu eləcə də bildirib ki, Nərimanovun
heykəlinin bərpası üçün Marneuli bələdiyyəsinin büdcəsindən pul
xərclənməyib və Marneuli meri abidəni öz şəxsi vəsaiti ilə təmir
etdirib.