Nərimanovun heykəlinin bərpasına 7 000 lariyə yaxın pul xərclənib
Nəriman Nərimanovun Marneuli meriyasının qarşısında yerləşən heykəlinin bərpası üçün “Təmiz Marneuli”nin (“Supta Marneuli”) büdcəsindən pul ayrılıb.

Marneulidə yerləşən abidələrə xidmət göstərilməsi bələdiyyənin təmizlik xidmətinə həvalə olunub. “Təmiz Marneuli”nin direkotoru Leri Mumladze “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, abidənin bərpasına 7 000 lariyə yaxın pul xərclənib.

“Marneuli meriyasının sərəncamı əsasında 5 mart tarixində abidənin bərpa işlərinə başladıq. Amma karantinə görə müvəqqəti dayandırılmışdı. Əgər səhv etmirəmsə, karantin başa çatdıqdan sonra, 23 may tarixində işləri bitirdik”, – Leri Mumladze dedi.

“Təmiz Marneulinin” direktorunun sözlərinə görə, təşkilat abidələrə xidmət üçün büdcədən pul ayırıb və Nərimanovun abidəsinin bərpası da məhz həmin pulla həyata keçirilib.

Marneuli bələdiyyəsinin yerli özünüidarəsi artıq 25-ci iş günüdür ki, Nərimanovun heykəlinin bərpası ilə əlaqədar “Marneuli” radiosuna rəsmi məlumat vermir. Meriyadan bildirdilər ki, məktuba artıq cavab hazırlanıb, ancaq merin imzasını gözləyirlər.

Marneuli və Hucabinin yepiskopu Qiorqinin (Camdeliani) Marneuli merindən Nərimanovun heykəlinin götürülməsini tələb etdikdən sonra Marneulidə Nəriman Nərimanovun abidəsi məsələsinin müzakirəsi başlamışdı.

Marneuli və Hucabi yepiskopu eləcə də bildirib ki, Nərimanovun heykəlinin bərpası üçün Marneuli bələdiyyəsinin büdcəsindən pul xərclənməyib və Marneuli meri abidəni öz şəxsi vəsaiti ilə təmir etdirib.

"Marneuli" Radiosu
Print