Marneuli ərzaq məhsullarının ixracında episentrə çevrilməlidir – Mamuka Xazaradze
Bu gün, 1 iyul tarixində “Lelo Gürcüstan üçün” partiyasının Marneuli rayon təşkilatı açıldı.

Partiya liderləri və Marneuli rayon təşkilatının rəhbəri açılış mərasimində vətəndaşlara müraciət etdi.

“Lelo Gürcüstan üçün” partiyasının sədri Mamuka Xazaradze bildirdi ki, Marneuli rayon təşkilatı sayca iyirmi dördüncüdür və rayon təşkilatlarının açılması fəal şəkildə davam etdirilir.

“Marneuli bizim üçün xüsusi haldır, çünki bu çoxmillətli dairədir, burada əsasən azərbaycanlılar məskunlaşıb. “Lelo”nun planı bu regionun çox ciddi biznes mərkəzə çevrilməsidir. Çünki burada kənd təsərrüfatı istiqamətində böyük təcrübə var və biz düşünürük ki, bu güc yeni texnologiyaların əsasının qoyulması, yeni biliyin əldə olunması ilə bizim ərzaq məhsullarının ixrac dərəcəsinə çatdırılması baxımından episentr olmalıdır”, – Mamuka Xazaradze bildirdi.

“Lelo Gürcüstan üçün” partiyasının Marneuli rayon təşkilatının sədri Murad Muradov olacaq. Muradovun sözlərinə görə, Marneuli rayon təşkilatının prioritet istiqaməti gənclərin inkişafıdır.

“İkinci prioritetlə bağlı deyə bilərəm ki, bildiyiniz kimi bizim regionun əhalisi əsasən kənd təsərrüfatı ilə məşğuldur, ancaq biz kənd təsərrüfatı ilə iki əsr bundan əvvəl olan, primitiv qaydalarla məşğul oluruq. Gürcüstanda bu yanaşma dəyişməlidir, biz dəyişməliyik. Biz bu kəndliləri həvəsləndirməliyik”, – Murad Muradov bildirdi.

Muradovun sözlərinə görə, partiyanın daha bir prioriteti qadınların siyasi həyata qoşulmasının inkişafıdır. Çünki Marneulidə qadınların siyasətdə fəallığı hələ də problem olaraq qalır.

“Lelo Gürcüstan üçün” partiyasının Marneuli və Qardabani majoritar dairəsindən kimin namizəd olacağı hələ məlum deyil. Partiya sədri Mamuka Xazaradzenin sözlərinə görə, “Lelo” 2020-ci ilin Parlament seçkiləri üçün majoritar namizədi yaxın gələcəkdə təqdim edəcək.

Print ელ. ფოსტა
FaceBook Twitter Google