DTX "Mtavari Arxi"-nin efirinə yayımlanan süjetin tam versiyasını tələb edib
Dövlət Təhlükəsizlik Xidməti “Mtavari” kanalında yayımlanmış “Satın alınan Covid-19” reportajı və eləcə də 2020-ci ilin 25 iyun tarixində, saat 21:03-21:13 radələrində yayımlanan süjetin tam, kəsilməmiş, montaj olunmamış materialını tələb edib.

DTX-nın məlumatına görə, istintaq orqanının təşəbbüsü və Gürcüstanın Baş Prokurorluğunun müvafiq vəsatəti əsasında Tbilisi Şəhər Məhkəməsi hökm çıxarıb. Hökmə əsasən “Mtavari”kanalı efirə getmiş süjetin materialını tam şəkildə istintaq orqanına verməlidir. Müvafiq sərəncamı bu gün, 2 iyul tarixində kanal rəhbərliyinə təhvil verəcəklər.

DTX sabotaj faktı ilə bağlı başlanılan istintaqın nəticələrini də yayımlayıb. Qurumun məlumatına görə, 2020-ci ilin 20 iyun tarixində “Mtavari”nin efirində uydurulmuş və qəsdən təhrif olunmuş faktlara istinadən hazırlanmış süjet yayımlanıb. Teleşirkət bilərək saxta məlumatı kütləvi izləyiciyə çatdırıb.

“Mtavari”nin efirində yayımlanan süjetə görə, hakimiyyət nümayəndələri Marneuli bələdiyyəsində pandemiya dövründə müxtəlif xəstəliklərdən dünyasını dəyişənlərin ailə üzvlərinə ölüm səbəbi olaraq koronavirusun qeyd olunması qarşılığında 3000 laridən 10 000 lariyə qədər pul təklif edirmişlər.

DTX-nın bəyanatına görə, süjetin efirə getməsindən sonra təşkil edilmiş şəkildə, konkret siyasi partiya üzvləri və siyasi dəstəkçilər məsələyə münasibət bildiriblər. “Facebook”da materialı paylaşmaq və şərh yazmaqla yalan məlumat yaymağa cəhd ediblər.

“2020-ci ilin 20 iyun tarixində, istintaq aparılan zaman, Cinayət Məcəlləsinin prosessual qanunvericiliyinə riayət olunaraq və peşəkar tərcüməçilərin iştirakı ilə “Mtavari”-nin efirində yayımlanan reportajın bütün iştirakçıları və müsahibləri dindirilib. Dindirilən şəxslərdən istəyi olanlar magistr hakim qarşısında, məhkəmədə ifadə verib.

Dindirilmə nəticəsində təsdiqlənib ki, süjetin müəllifləri müsahiblərin Azərbaycandilli müsahibəsini səhv tərcümə etmə yolu ilə qəsdən təhrif ediblər. Müəyyən olunub ki, həmin şəxslərə ailə üzvlərinin ölüm səbəbi qarşılığında heç kim pul təklif etməyib. Onların bu barədə heç məlumatı da olmayıb”,
– DTX-nın yayımladığı bəyanatda deyilir.

DTX-nın bəyanatına görə, istintaq çərçivəsində qeyd olunan mövzu ilə bağlı sosial şəbəkədə fəallıq göstərən və pul təklif olunan həmin ailələr haqqında məlumatları olduğunu təsdiqləyən şəxslər də dindirilib. Qurumun məlumatına görə, dindirilənlərdən heç biri qeyd olunan faktı və məlumatı haradan aldıqlarını təsdiq etməyib.

“Eyni zamanda istintaq nəticəsində aydın olub ki, ölkədə fəaliyyətdə olan müəyyən qüvvələr və şəxslər qrupu müxtəlif kütləvi məlumat vasitələrində yalan məlumat yayma yolu ilə məqsədyönlü şəkildə Gürcüstan vətəndaşlarında fərqli əhval-ruhiyyə yaratmağa cəhd ediblər. Bu güman yaradır ki, qeyd olunan yanlış məlumat kampaniyasının təşkilatçıları əhalidə müdafiəsizlik hissi, dövlətə qarşı etimadsızlıq, təşviş və xaos yaratmaq yolu ilə dövlət qurumlarının, təşkilatların və xidmətlərin normal fəaliyyətinə mane olmaq məqsədi daşıyırmışlar”, – DTX-nın bəyanatında yazılıb.

Dövlət Təhlükəsizlik Xidməti 2020-ci ilin 16 mart tarixində sabotaj faktı ilə bağlı istintaqa başlayıb. Məhz həmin istintaq çərçivəsində “Mtavari”-nin efirində yayımlanan süjetin müsahibləri və materialı öz şəxsi “facebook” səhifələrində yayımlayan şəxslər dindirilib.

Print ელ. ფოსტა
FaceBook Twitter Google