Avqust müharibəsi qaçqınlarının qəzalı bina və sürünənlər qorxusu ilə dolu yaşamı
18:11 / 09.07.2020
Marneuli bələdiyyəsinin Şaumyan kəndinin qaçqınlar yaşayan
məntəqəsində əhali hər il siçanların, ilan və tarakanların
dişləməsi qorxusu ilə yaşamalı olur.
Bina iki mərtəbəlidir, uçmuş divarları, yanmış tavanı, faner
döşəməni və açıq qalmış elektrik xətlərini asanlıqla görə
bilərsiniz. Əhalinin dediyinə görə, bu evlərdə qalmaq mümkün
deyil.
12 ildir ki, bu şəraitdə yaşamağa məcburdurlar. Onlar Liaxvidən
2008-ci il müharibəsi zamanı köçürülüblər. Bir neçə il əvvəl tənha
ana, Salome Demetraşvilinin evinin divarını üstü açıq qalmış
elektrik xətti yandırıb. Onun bildirdiyinə görə, diqqətdən kənar
qalıblar.
“Heç kim gəlməyib və heç kim bu divarı təmir etmir.
İlanla doludur. İlan, siçovul – divarda hər şey var. Sadəcə
ölməsək, yaxud yanğın düşməsə, heç kim bizə diqqət yetirməyəcək.
Heç olmasa bu korpusu təmir etsinlər. Əhali qane olsun. Təmir də
edə bilmirik.”
Salome kimi Şaumyani məntəqəsinin başqa sakinləri də eyni şəraitdə
yaşamağa məcburdurlar. 71 yaşlı Surman Mandikaşvili bildirdi ki,
onların problemi ilə yalnız seçki dövründə maraqlanırlar.
“Bu mənzildə yaşamaq olmur, bütün otaqlar rütubətlidir.
Görün nə qədər uşaq yaşayır. Bilmirəm necə dözürlər. Bu uşaqlar
başqa regiona gedəndə rəngləri dəyişir və elə gəlirlər. Bura
rütubətlidir deyə rəngləri qaçır. Qışda bayırdakı kimi evdə də
soyuq olur. Ayaqlarını isidə bilmirəm. Neçənci əsrdir? Biz belə
evdə yaşamalıyıq?”.
Surman Mandikaşvili kimi Svetlana Lapaşi də bildirdi ki, Şaumyanidə
qaçqınlar məntəqəsində daim qorxu və xilas olma instinkti ilə
yaşamalı olurlar.
“Görürsünüz vəziyyət necədir. Dörd dəfə yanğın baş
verib, bizim sahibimiz yoxdur. Yenə gəlmişdilər, dedilər
maliyyələşdirmə olacaq. Heç bir yerə köçürmürlər, yalandan bizi
aldadırlar. Kərpic, ya blok gətirib evi təmir etsinlər, normal
həyat yaşayaq. Bu yaşayış evi deyil. Burada toyuq da
saxlanılmaz.”
“Marneuli” radiosu onlara yerli özünüidarə tərəfindən hansısa
yardımın göstərilib göstərilməyəcəyini aydınlaşdırmağa çalışdı.
Gürcüstanın İşğal Edilmiş Ərazilərindən Qaçqınlar, Əmək, Səhiyyə və
Sosial Müdafiə Nazirliyinin mətbuat xidmətindən dedilər ki,
Şaumyani kəndində yaşayan qaçqınlar üçün kənd tipli məntəqənin
salınması indiki mərhələdə müzakirə olunmur. Ancaq yeni yaşayış
evləri almaq üçün onlara proqram təklif edirlər.
“Bilirik, həmin qaçqınlar hansı şəraitdə yaşayırlar.
Onlar agentliyimizin proqramından faydalana bilərlər. Bu mənzil
üçün ərizə verməkdən ibarətdir. Bütün proqramlara qoşula bilərlər.
Meyarlara görə onlar yerləşdiriləcək. Biz Marneulini diqqətsiz
qoymamışıq. Çalışrııq Şaumyaniyə kömək edək. Hələ ki, bu
proqramlardır”, – mətbuat xidmətinin rəhbəri Marika
Matiaşvili bildirdi.
Şaumyani kəndində qaçqınlarının yaşadığı ikimərtəbəli evdə təxminən
səkkiz ailə yaşayır.