2017-ci ildə üç nəfər qadın Marneuli bələdiyyəsinin Araflı kəndində
yeddi hektar ərazidə moruq və böyürtkən təsərrüfatı qurub.
Yarım hektar ərazidə üç növ moruq, ikinci hissədə isə iki növ
böyürtkən yetişdirilir. Ötən il fermerlər dörd ton moruq və altı
ton böyürtkən becəriblər, bu il isə güman edirlər ki, məhsul üç
dəfə artıq olacaq.
“Bu bio-təsərrüfatdır. Bizim bio-təsərrüfat olaraq
Avropa sertifikatımız var. Burada heç bir kimyəvi qatqı, herbisid,
pestisiddən istifadə olunmur. Yalnız bio-gübrələr və preparatlarla
işləyirik. Ona görə təsərrüfat böyük zəhmət tələb
edir”, – Xatuna Kutateladze dedi.
Xatuna böyürtkən və moruq təsərrüfatını bacısı və dostları ilə
birgə yaradıb. Qadınlar təsərrüfatda yerli əhalini də işlə təmin
ediblər.
“Hər iki gündən bir təxminən 10-15 qadın bizim bağda
işləyir. Onlar yerli sakinlərdir. Bizə çox fəhlə lazımdır, çünki
hər şeyi əlimizlə edirik”, – Xatuna Kutateladze
dedi.
Koronavirusun yayılması və Marneulinin bağlanması təsərrüfatın
fəaliyyətinə qismən mane olub. Xatunanın sözlərinə görə,
Marneulinin bağlanması zamanı Tbilisidən təsərrüfata gələ
bilmirdilər. Nazirliklər və yerli özünüidarənin işə qoşulmasından
sonra isə Marneuliyə giriş üçün buraxılış kartı ala biliblər.