Moruq və böyürtkən bio-təsərrüfatı – üç qadının Marneulinin Araflı kəndindəki fəaliyyəti
2017-ci ildə üç nəfər qadın Marneuli bələdiyyəsinin Araflı kəndində yeddi hektar ərazidə moruq və böyürtkən təsərrüfatı qurub.

Yarım hektar ərazidə üç növ moruq, ikinci hissədə isə iki növ böyürtkən yetişdirilir. Ötən il fermerlər dörd ton moruq və altı ton böyürtkən becəriblər, bu il isə güman edirlər ki, məhsul üç dəfə artıq olacaq.

“Bu bio-təsərrüfatdır. Bizim bio-təsərrüfat olaraq Avropa sertifikatımız var. Burada heç bir kimyəvi qatqı, herbisid, pestisiddən istifadə olunmur. Yalnız bio-gübrələr və preparatlarla işləyirik. Ona görə təsərrüfat böyük zəhmət tələb edir”, – Xatuna Kutateladze dedi.

Xatuna böyürtkən və moruq təsərrüfatını bacısı və dostları ilə birgə yaradıb. Qadınlar təsərrüfatda yerli əhalini də işlə təmin ediblər.

“Hər iki gündən bir təxminən 10-15 qadın bizim bağda işləyir. Onlar yerli sakinlərdir. Bizə çox fəhlə lazımdır, çünki hər şeyi əlimizlə edirik”, – Xatuna Kutateladze dedi.

Koronavirusun yayılması və Marneulinin bağlanması təsərrüfatın fəaliyyətinə qismən mane olub. Xatunanın sözlərinə görə, Marneulinin bağlanması zamanı Tbilisidən təsərrüfata gələ bilmirdilər. Nazirliklər və yerli özünüidarənin işə qoşulmasından sonra isə Marneuliyə giriş üçün buraxılış kartı ala biliblər.

"Marneuli" Radiosu
Print