Bu gün, 7 avqusta tarixində Marneulinin Bələdiyyə Məclisinin iclası
keçirilib. İclasa müzakirə üçün 12 məsələ çıxarılıb. Deputatlar
bütün məsələlərlə bağlı müsbət qərar qəbul ediblər.
Bələdiyyə Məclisinin iclasında Meriyanın Səhiyyə, Sosial Təminat,
Mədəniyyət və İdman Xidmətinə 6 ştatın əlavə olunması məsələsi
müzakirə edilib.
Marneuli merinin müavini Laşa Lobcanidze məsələnin müzakirəsi
zamanı bildirdi ki, Gürcüstanda Uşaq Hüquqları Məcəlləsinin qüvvəyə
minməsindən sonra bütün bələdiyyələrə müvafiq iş yerləri
yaratmaları barədə tapşırıq verilib. Həmin iş yerləri uşaqlara
qarşı zorakılıq mövzularına istiqamətlənəcək.
"Ştat əməkdaşları koordinator, sosial işçi, hüquqşünas
və psixoloq olacaq. Yəni bu mövzuya istiqamətlənəcək bütün adamlar
burada var. Əlbəttə uşaqlara qarşı zorakılıq olan zaman
zərərçəkənlərə müvafiq xidmət göstərməliyik və lazım olarsa, onları
müvafiq orqanlara yönəltməliyik", – Laşa Lobcanidze
bildirdi.
Lobcanidzenin sözlərinə görə, bələdiyyə qeyd olunan xidmətlərlə
bağlı ayrı şöbə də yarada bilərdi. Ancaq büdcəyə qənaət baxımından
bələdiyyənin Səhiyyə, Sosial Təminat, Mədəniyyət və İdman şöbəsinə
6 yeni ştat əlavə olunub. Bu gündən qeyd olunan xidmətin adı da
dəyişib və o Səhiyyə, Sosial Təminat, Mədəniyyət, İdman və Uşaq
Hüquqlarının Müdafiəsi və Dəstək Xidməti adlanır.
Məsələnin müzakirəsi zamanı "Avropalı Gürcüstan"-ın üzvü Əhməd
İmamquliyev yerli özünüidarəyə təklif etdi ki, vakansiya elan edən
zaman iştirakçıların müsabiqəsinə Azərbaycan dilini bilməyi də
əlavə etsinlər. Çünki Marneuli əhalisinin əksəriyyəti
Azərbaycandillidir.
Ə.İmamquliyevin təklifinə Bələdiyyə Məclisinin sədri Amiran
Qiorqadze və merin müavini Laşa Lobcanidze cavab verib və qeyd
ediblər ki, Gürcüstan qanunvericiliyinə uyğun olaraq yerli
özünüidarə orqanına əməkdaşları işə götürən zaman məcburi tələblərə
Azərbaycan dilinin bilinməsini daxil edə bilməzlər. Amma müsahibə
mərhələsində Marneulidə çalışmaq üçün lazım olan dilləri bilən
mütəxəssislərə üstünlük veriləcək. Bələdiyyə Məclisi Marneuli
meriyasının İqtisadiyyat Xidmətinə bir ştatın əlavə olunmasını da
dəstəklədi.