Marneulidə 7 ay ərzində 648 nəfərə quduzluğa qarşı peyvənd vurulub

Marneuli bələdiyyəsindəki tibb müəssisələrində yeddi ay ərzində quduzluğa qarşı 648 peyvənd vurulub. Marneulinin “Aversi” klinikasından “Marneuli” radiosuna bildirdilər ki, yanvar ayından bu günə qədər 255 nəfərə it dişlədiyinə görə peyvənd vurulub.

Quduzluğa qarşı peyvənd vurulan daha bir tibbi müəssisə Marneulinin “Geo Hospitals” klinikasıdır. Klinikadan bildirdilər ki, bu günə qədər quduzluğa qarşı ümumilikdə 393 peyvənd vurulub.

Onlardan əksəriyyəti it dişləməsi faktı ilə bağlıdır. Hər iki tibb müəssisəsinə Marneulidən əlavə Kvemo Kartlinin başqa bələdiyyələrindən də müraciət edirlər. Qeyd edək ki, Marneuli bələdiyyəsində bu günə qədər sahibsiz itlər problemi qalmaqdadır. Onların əksəriyyətində sarı rəngli damğa da yoxdur ki, qismən də olsa təhlükəsiz olduqları hiss olunsun. Sahibsiz itlər dəstə şəklində gəzirlər. Əksər hallarda yaşayış korpuslarının, bazarın qarşısında və restoranların yanında olurlar. Bu kimi vəziyyət şəhərin demək olar bütün küçələrində mövcuddur. Əhali bir çox it dişləməsi faktını qeyd edir.



Son bir neçə ildir ki, Marneuli meriyası itlərin sığınacağı üçün tender elan edir və illərdir tenderdə “Vektra” MMC qalib gəlir. 2020-ci ilin tenderində şirkət yerli özünüidarəyə işləri 21 000 lariyə görməyi təklif edib və işləri bir il ərzində həyata keçirəcək. Sahibsiz qalmış 211 itin sığınacağa aparılması (lazım olan halda eftanaziya və basdırılması) xidmətini şirkət mərhələli şəkildə həyata keçirəcək. Qeyd olunan şirkətin sığınacağı Ozurgeti bələdiyyəsindədir.

“Marneulidən sonuncu dəfə 22 iyul tarixində 18 it apardıq. Geri 3 avqust tarixində qaytardıq. 22 iyuldan sonra Marneuli bələdiyyəsindən itlər gətirməmişik. Tenderə görə, bizim qrafikimiz var. Hansı tarixdə getməli olduğumuz qeyd olunub. Meriya ilə razılaşırıq və elə gedirik”, – Ozurgeti sığınacağının baytarlarından biri dedi.

Biz 2020-ci il ərzində yerli özünüidarə 211 sahibsiz itdən artığına xidmət göstərə bilib-bilməyəcəyi ilə maraqlandnıq. Meriyadan bildirdilər ki, bələdiyyədə tenderlə nəzərdə tutulmuş xidmətin limiti başa çatmayıb. Lazım olan halda mövcud olan rəqəmi 10% artıra bilərlər. Ancaq indiki mərhələdə buna ehtiyac görmürlər.

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google