ABŞ-ın Gürcüstandakı səfirliyi, 2008-ci il avqust müharibəsinin
12-ci ildönümü ilə əlaqədar bəyanat yayaraq, Rusiya rəhbərliyindəki
təhlükəsizlik qüvvələrinin Gürcüstan ərazilərini tədricən ələ
keçirməyə və işğal olunmuş əraziləri metr-metr genişləndirməyə
çalışdıqlarını bildirib.
“Gürcüstanın Abxaziya və Cənubi Osetiya bölgələrinin
Rusiya tərəfindən işğal olunmasından on iki il ötür. 7 avqust
tarixini rus işğalından əziyyət çəkən minlərlə insan kədərlə
xatırlayır. Bu gün evlərini tərk etmək və qaçqın olmaq
məcburiyyətində qalan insanları xatırlayırıq. Qondarma hökumət
tərəfindən inzibati bölgü xətti bağlandığından və təcili tibbi
yardım almalarına icazə verilmədiyindən ölən günahsız, dinc
vətəndaşları xatırlayırıq. Qanunsuz "sərhədləşdirmə" və itirilmiş
dolanışıq mənbəyi nəticəsində dağılmış ailələri xatırlayırıq”,
– deyə səfirliyin açıqlamasında bildirilir.
Açıqlamaya görə, bütün dünya koronavirusun vurduğu ziyanı aradan
qaldırmağa çalışarkən, Gürcüstan eyni zamanda, özbaşına qurulan
inzibati bölgü xətti ilə bir-birindən ayrı düşən vətəndaşlar
arasında ticarət əlaqələrinin itirilməsindən əziyyət çəkir. Bu isə
onların sözlərinə görə, ölkə iqtisadiyyatının bərpası prosesinə
daha da ciddi maneələr törədir.
“Keçən il biz də Rusiya tərəfindən idarə olunan
qüvvələr tərəfindən genişmiqyaslı işğal və Çorçana-Tsnelisi
yaxınlığında əlavə yüzlərlə metr ərazini nəzarət altına almaq
cəhdini gördük. Rusiya 2008-ci il atəşkəs sazişini pozmaqda davam
edir. Rusiya "sərhədçiləri" mülki şəxsləri saxlayır və inzibati
bölgü xətti boyunca zorakılıq hərəkətləri edir, o cümlədən son
vaxtlar Gürcüstan vətəndaşlarına atəş açır. Rusiya tərəfindən idarə
olunan təhlükəsizlik qüvvələri tədricən Gürcüstan ərazilərini ələ
keçirməyə və işğal olunmuş əraziləri metr-metr genişləndirməyə
çalışır", – deyə səfirliyin açıqlamasında qeyd
olunur.
ABŞ səfirliyi Rusiyanı Abxaziya və Cənubi Osetiyanın qondarma
müstəqilliyini tanımaqdan geri çəkilməyə və 2008-ci il
müqaviləsinin öhdəliklərini yerinə yetirməyə çağırır.
“Aydındır ki, Rusiya öz qüvvələrini münaqişə öncəsi
mövqelərə çəkməli və humanitar yardımlara maneəsiz çıxış təmin
etməlidir. Bundan əlavə, Rusiyanı Abxaziya və Cənubi Osetiyanın
qondarma müstəqilliyini tanımaqdan geri çəkilməyə və 2008-ci il
müqaviləsinin öhdəliklərini yerinə yetirməyə çağırırıq. Yüz
minlərlə məcburi köçkünün və qaçqının evlərinə təhlükəsiz və
ləyaqətlə qayıda bilmələri vacibdir", – deyə ABŞ
səfirliyinin bəyanatında qeyd olunur.
Onların sözlərinə görə, ABŞ-ın gürcü dostlarına və tərəfdaşlarına
sədaqəti sarsılmazdır. Onlar Rusiya təcavüzü nəticəsində bölünmüş
cəmiyyətin yenidən birləşməsinə çağırırlar.