Koronavirusla mübarizə məqsədilə yaradılan Hökumət Koordinasiya
Şurasının qərarına əsasən, sabahdan - 25 sentyabrdan etibarən
Acarıstandakı restoranlar saat 22:00-dan sonra bağlanacaq və
ictimai nəqliyyat dayandırılacaq.
Hökumət administrasiyasının nümayəndəsi Natia Mezvrişvili bu qərarı
epidemioloji vəziyyətlə əsaslandırdı.
Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasının nümayəndəsi Marina
Endeladzenin açıqlamasına əsasən , 24 sentyabr tarixində aşkar
edilmiş 259 yeni koronavirusa yoluxma hadisəsindən 164-ü
Acarıstanda qeydə alınıb. Marina Endeladzenin sözlərinə görə,
hazırda ölkədə 18 kritik xəstə var, bunlardan 8-i Batumi Respublika
Xəstəxanasında, 2-si Tbilisidə, 2-si Qoridə, 2-si Saçxeredə və 3-ü
Kutaisidə müalicə olunur.
24 sentyabrda Gürcüstanda 259 yeni koronavirus hadisəsi aşkar
edildi və təsdiqlənmiş infeksiya sayı 4399 oldu. Bu barədə məlumat
stopcov.ge saytında verilir.
Eyni veb saytın verdiyi məlumata görə, koronavirusdan sağalanların
sayı 62 nəfər artaraq 1705-ə çatdı.
Hal-hazırda ölkədə 2669 aktiv koronavirusa yoluxmuş xəstə var,
bunlardan 640 nəfər kovid-mərkəzlərinə yerləşdirilib, qalanları isə
klinikada müalicə olunur.
5390 nəfər karantin rejimindədir.
Hökumətin açıqlamasına əsasən, koronavirusla mübarizə baxımından
geniş miqyaslı karantinlər və iqtisadi amillər üçün məhdudiyyətlər
gözlənilmir, ancaq epidemioloji vəziyyətə əsasən "nöqtəvi", konkret
qərarlar veriləcəkdir.