Sadaxlı sakinləri Azərbaycan Silahlı Qüvvələrinə yardım fonduna 37 000 lari köçürüblər
12 noyabr tarixində Gürcüstanın Marneuli rayonunun Sadaxlı inzibati ərazi vahidliyinin sakinləri topladıqları 37 000 lari pulu Azərbaycan Silahlı Qüvvələrinə yardım fonduna köçürüblər. Təşkilatçılardan biri kənd sakini İsmayıl Qurbanovun verdiyi məlumata görə, yardım toplanması tələbi xalqın özündən gəlib.
“Yardım toplama işini Sadaxlı mədəniyyət evində bir qrup eloğlularla bir həftə öncə elan etdik. Həftə tamamında həm kampaniyamız durduruldu, həm də eyni günə təsadüf edən böyük qələbə sevinci Ali Baş Komandan tərəfindən elan olundu. O günü elimizdə bayram bayrama qarışdı. Bizə də fərəhli olan budur ki Sadaxlı eli adına yığılmış 37 000 lari Azərbaycan əsgərinə qələbə müjdəsi üçün bir kiçik hədiyyəmiz olacaq. Fürsətdən istifadə edib xalqımızı bu qələbə münasibətilə təbrik edirəm və bunu da əlavə edim ki, bizim kənd ərazi vahidliyinin adı ilə toplanmış bu məbləğdə qonşu Zop (Tsopi) və Xocerni kəndində yaşayan azərbaycanlıların da payı var. Yardımda iştirak etmiş hər bir kəsə təşəkkür edirik”, – deyə İsmayıl Qurbanov qeyd edib.



Print