Marneulidə fərqlənən doqquzuncu sinif şagirdlərinə kompüterlər güman ki, mart ayının sonuna qədər veriləcək
2019-20-ci tədris ilində Marneuli miqyasında 29 nəfər 9-cu sinif şagirdi kompüter qazanıb. Ancaq texnika hələ ki, onlara verilməyib.

Marneuli Təhsil Resurs Mərkəzinin mütəxəssisi İrma Davadze “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, şagirdlərə kompüterlərin təqdim ediləcəyi tədbir 2020-ci ilin oktyabr ayında baş tutmalı idi. Ancaq koronavirus pandemiyasına görə tədbir təxirə salınıb.

“Bu şagirdlər 2019-20-ci ildə doqquzuncu sinfi fərqlənmə ilə başa vuranlardır. Hazırda onlar onuncu sinif şagirdləridir. Onların 10 balı var. Xatırladım ki, Marneulidə 74 ictimai məktəb var. 9 məktəbdən ümumilikdə 29 nəfər doqquzuncu sinfi fərqlənmə ilə başa vurub. Gürcüstan Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi onlara kompüterləri yaxın gələcəkdə təqdim edəcək”, – İrma Davadze bildirdi.

Fərqlənən şagirdlərə kompüterləri Təhsil İnfrastrukturunun İnkişafı Agentliyi verməlidir.

Agentlikdən “Marneuli” radiosuna bildirdilər ki, fərqlənən şagirdlər üçün kompüterləri tender vasitəsilə almalıdırlar. Tenderi isə Dövlət Alqı-Satqı Agentliyi elan edəcək. Təhsil İnfrastrukturunun İnkişafı Agentliyindən bildirirlər ki, fərqlənən 9-cu sinif şagirdlərinə kompüterlər güman ki, 2021-ci ilin birinci rübündə, yəni martın sonuna qədər veriləcək.

Print ელ. ფოსტა
FaceBook Twitter Google