Gürcüstandan kənarda yaşayan şəxslərə ölkə vətəndaşlığının
saxlanılması və bərpası üçün əlavə müddət təqdim olunacaq.
Bununla bağlı Gürcüstanın "Vətəndaşlıq haqqında" qanununa
dəyişikliklər nəzərdə tutulub.
Layihəyə əsasən, müddət 2022-ci ilin dekabrın 31-dək
uzadılacaq.
Sənəddə qeyd olunub ki, Gürcüstanın keçmiş vətəndaşları, həmçinin
15 avqust 2018-ci il tarixinədək vətəndaşlığını itirməyən şəxslərə
vətəndaşlıqlarını bərpa etmək və ya saxlamaq hüququnu həyata
keçirmək imkanı veriləcək.
Bununla yanaşı, 1993-cü ilə qədər doğulan və digər ölkə
vətəndaşlığını almayan şəxslər də qeyd olunan tarixədək Gürcüstan
vətəndaşlığı ilə bağlı müvafiq orqanlara müraciət edə bilərlər.
Gürcüstan parlamentinin Diaspor komitəsindən bildirilib ki, 2020-ci
ildə Gürcüstanın 1 217 nəfər keçmiş vətəndaşı vətəndaşlığın
bərpası, 3 186 Gürcüstan vətəndaşı isə vətəndaşlığın saxlanılması
ilə bağlı müraciətlər təqdim ediblər.
Qeyd edək ki, 1990-cı illərin əvvəllərində Gürcüstanda yaşayan
soydaşlarımız arasında Azərbaycana üz tutanlar üstünlük təşkil
edib. Onların əksəriyyəti Gürcüstan vətəndaşlığından imtina
edib.
Mənbə: report.az