Gürcüstanda Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunan
“Xocalıya Ədalət” adlı xüsusi jurnal çap edilib.
Jurnal Azərbaycanın Gürcüstandakı səfirliyi və Heydər Əliyev
Fondunun birgə təşəbbüsü ilə işıq üzü görüb.
İngilisdilli nəşrdə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş
Komandan cənab İlham Əliyevin Qələbə Paradında çıxışı, həmçinin
Prezidentin Şuşaya səfəri və orada çıxışı geniş işıqlandırılıb.
Azərbaycanın haqq səsinin və qazandığı böyük qələbənin dünya
ictimaiyyətinə çatdırılması yolunda atılan addımlara dəstək məqsədi
daşıyan qeyd olunan jurnalda Heydər Əliyev Fondunun
vitse-prezidenti, “Xocalıya Ədalət” beynəlxalq təbliğat-təşviqat
kampaniyasının təşəbbüskarı və təsisçisi xanım Leyla Əliyevanın ön
sözü yer alıb.
Jurnalda törədilmiş soyqırım nəticəsində 613 nəfərin həlak olduğu,
1275 nəfərin əsir götürüldüyü qeyd edilir, Vətən Müharibəsi
nəticəsində işğaldan azad olunan torpaqlarımız barədə məlumat
verilir. Həmçinin, dünyanın aparıcı kütləvi informasiya
vasitələrində “The Sunday Times”, “Newsweek”, “The New York Times”,
“Time”, “The Washington Times” bu soyqırım barədə məlumat verildiyi
qeyd olunur. Jurnalda Xocalı Soyqırımı qurbanları, tarixi faktlar,
müxtəlif ölkələrin parlamentləri və beynəlxalq təşkilatlar
tərəfindən qəbul olunmuş sənədlər də yer alıb.
Səfirlik tərəfindən qeyd olunan jurnalın Gürcüstanın Prezidentinə,
Baş Nazirinə, Parlamentinin Sədrinə, həmçinin Prezident
Administrasiyasının, Nazirlər Kabinetinin və Parlamentinin
səlahiyyətli nümayəndələrinə, həmçinin Gürcüstanda akkreditə
olunmuş diplomatik nümayəndəliklərə və beynəlxalq təşkilatlara
ünvanlanması nəzərdə tutulur.
Mənbə: report.az