Bizim vəsatətimiz diskriminasiya xarakterli deyil – Bolnisi meriyası Orduxanovun şikayəti barədə
Bolnisi meriyası bildirir ki, məhkəmə prosesində etnik Azərbaycanlı, yaşlı əhali barədə statistik göstəricilərin tələb edilməsi ilə bağlı vəsatət vətəndaş Naşir Orduxanovun şikayətində faktiki hal olaraq göstərilən məlumatlardan irəli gəlir.

“Vətəndaş N.O. şikayətində Kvemo Kartlidə, eləcə də Bolnisi bələdiyyəsində etnik Azərbaycanlı əhalinin sayı barədə faktiki vəziyyəti qeyd edib. Müvafiq olaraq, şikayət olunan tələb də etnik Azərbaycanlı əhalinin faiz göstəricisindən irəli gəlir və bələdiyyənin “Facebook” səhifəsi, veb-səhifəsinin Azərbaycan dilinə tərcüməsi tələb olunub. Şikayətçi məhkəmə iclasında qeyd edib ki, etnik Azərbaycanlı gənclərdən fərqli olaraq əhalinin yaşlı nümayəndələrinə məlumatlar əlçatan deyil. Gənclərin əksəriyyəti az-çox gürcü dilini bilir və dövlət dilində verilən məlumatı başa düşə bilirlər.

Buradan irəli gələrək məlumatın internet məkanda tərcümə olunması tələb olunubsa, həmin şəxslər bu xidmətdən faydalanmalıdır. Statistik məlumatların tələb edilməsi barədə vəsatətin məqsədi də məhz etnik Azərbaycanlıların yaşlı nümayəndələrinin bu xidmətdən nə dərəcədə yararlandığını, eləcə də internetdən istifadə etdiyini müəyyən etmək idi. Yaşlı gürcü nümayəndələr də internetdən istifadə etməyə bilər, biz məhkəmə prosesində bunu da qeyd etdik. Əgər vəsatət yalnız etnik Azərbaycanlıların yaşlı nümayəndələri ilə bağlı qoyulubsa, bu yalnız şikayətdən irəli gəlirdi. Bizim tərəfimizdən bu barədə başqa yanaşma olmayıb. Burada diskriminasiya yoxdur. Çünki bizim tərəfimizdən şikayətçi tərəfin hüququ məhdudlaşdırılmayıb, yaxud pozuntu olmayıb”,
– Bolnisi bələdiyyəsinin “Marneuli” radiosuna göndərdiyi məlumatda qeyd olunur.

Bolnisi meriyasının Azərbaycan dilində məlumat yayımlamasını tələb edən Naşir Orduxanov “Marneuli” radiosuna bildirdi ki. Məhkəmə prosesində Bolnisi meriyasının nümayəndəsi Bolnisi bələdiyyəsində etnik Azərbaycanlı əhalinin neçə faizinin Azərbaycan dilində oxuyub-yazmağı bilməsinin araşdırılması ilə bağlı vəsatət qaldırıb. Onun sözlərinə görə, hakim Nino Qiorqadze meriyanın tələbini təmin etməyib.

2 aprel tarixində məhkəmə şikayətçinin sübutlarını və Bolnisi meriyasının vəsatətini müzakirə edib.

Bolnisi meriyası qeyd olunan məsələ ilə bağlı “Marneuli” radiosuna yazılı şəkildə cavab verdi. Verilən məlumata görə, Bolnisi meriyasının rəsmi “Facebook” səhifəsində Azərbaycan dilinə yalnız yüksək ictimai maraq olan materiallar tərcümə olunur.

“Xatırladaq ki, hökumət və ictimai qurumların “Facebook” səhifələrində məlumat yalnız dövlət dilində yerləşdirilir. Bolnisi meriyası ictimaiyyətə məlumat verilməsi məsələsində ardıcıl olaraq dövlət siyasətinə əməl edir.

Bolnisidə və ümumiyyətlə bütün ölkədə baş vermiş mühüm yeniliklərin etnik azlıqlara əlçatan olması məqsədi ilə 2020-ci ildə Bolnisi meriyasının rəhbərliyi və qəzet redaksiyasının vahid qərarı ilə Bolnisi qəzeti məlumatın iki dildə yayımlanmasını bərpa edib. 2020-ci ilin aprel ayından qəzetin çap versiyasında və eləcə də gazetibolnisi.ge veb-səhifəsində mühüm, geniş miqyası əhatə edən konkret xəbərlər Azərbaycan dilinə tərcümə olunub”,
– Bolnisi meriyasının verdiyi məlumatda deyilir.

Qeyd edək ki, məsələ ilə bağlı məhkəmə prosesi yenidən davam edir. Növbəti iclas 13 aprel tarixinə təyin olunub.

Print ელ. ფოსტა
FaceBook Twitter Google