Marneuli meriyası sərinlənməyə hazırlaşır
Marneuli yerli özünüidarəsi yaxınlaşan isti havalar üçün hazırlığa başlayır. Marneuli meriyası soyuducu və kondisionerlərin alınması üçün bir neçə sadələşdirilmiş müqavilə bağlayıb.

24 may tarixində Marneuli meriyası ,,ALI” MMC ilə iki sadələşdirilmiş müqavilə bağlayıb. Birinci müqaviləyə əsasən şirkət meriyaya 1380 lariyə iki soyuducu verməlidir.

“Xatırladaq ki, Marneuli bələdiyyəsinin meriya binasında və ətraf ərazidə iaşə obyekti yoxdur, əməkdaşlar özləri ilə yemək gətirməli və soyuducuda saxlamalı olurlar. Buradan irəli gələrək 2 soyuducunun alınmasına ehtiyac var”, – maddi-texniki təminat şöbəsinin rəhbəri Besik Sexniaşvilinin izahatnaməsində qeyd olunub.

Meriya artıq həmin şirkətdən iki kondisioner də alıb. Onların ümumi dəyəri 3800 lari təşkil edir. Qeyd olunan kondisionerlər 80 kvadrat metrə qədər sahəni sərinlətmək üçün alınıb.

Yerli özünüidarə daha bir konsidioneri isə başqa şirkətdən, “Texnika+” MMC-dən alıb və 400 lari ödəyib. Qeyd olunan kondisioner 25 kvadrat metrə qədər sahəni sərinlətmək üçün nəzərdə tutulub.

Marneuli meriyası yeni kondisionerlərin alınması ilə yanaşı artıq mövcud olan kondisionerlərin təmiri, təmizlənməsi və freon nasosların quraşdırılması xidmətinə də pul ödəyib. Meriya qeyd olunan xidmətə görə fərdi sahibkar “Elmar Məmmədov”-a 2 760 lari ödəyib. Müqaviləyə görə, meriyada 6 kondisionerin kondensatoru dəyişdirilməlidir, 43 kondisioner məhlulla təmizlənməlidir və nasos lazımdır. Bundan başqa daha iki böyük kondisioner isə təmizlənməlidir.
"Marneuli" Radiosu
Print