Kənan Ömərovun Təhsil Resurs Mərkəzinin keçmiş rəhbərinin saxlanılması ilə bağlı ilk şərhi

10 iyun tarixində Marneuli Təhsil Resurs Mərkəzinin rəhbər səlahiyyətlərini icra edən Zabil Qocayev şəxsi həyatla bağlı sirrin qanunsuz əldə edilməsi və saxlanılması ittihamı ilə həbs edilib.



Zabil Qocayevin saxlanıldığı gündən “Marneuli” radiosu yerli özünüidarənin vəzifəli şəxslərindən müsahibə almağa və onların Resurs Mərkəzin rəhbərinin saxlanılması ilə bağlı fikirlərini öyrənməyə çalışırdı. Ancaq onlar bizim telefon zənglərimizə cavab vermirdilər.

Bu gün, 14 iyun tarixində “Marneuli” radiosu görüşlərdən biri başa çatdıqdan sonra Marneuli merinin müavini Kənan Ömərovdan Təhsil Resurs Mərkəzinin keçmiş rəhbərinin saxlanılması ilə bağlı fikirlərini soruşdu. Ömərov cavab olaraq bildirdi ki, məsələnin təfərrüatlarını hüquq mühafizəçiləri müəyyən edəcəklər.

Qeyd olunan məsələ ilə bağlı əlbəttə, polis tərəfindən araşdırma aparılır və sonra təfərrüatları özləri bildirəcəklər”, – Kənan Ömərov bildirdi.

Zabil Qocayev Marneuli Təhsil Resurs Mərkəzinin rəhbər səlahiyyətlərinin icraçısı vəzifəsinə 2 iyun tarixində təyin olunmuşdu. 9 iyun tarixində aydın oldu ki, o, vəzifəsindən istefa verib.

Marneuli Təhsil Resurs Mərkəzindən bildirdilər ki, Qocayev öz istəyi ilə, şəxsi ərizəsi əsasında vəzifəsini tərk edib. Zabil Qocayevə qədər Marneuli Təhsil Resurs Mərkəzinin rəhbəri Kənan Ömərov idi. O, sonra merin müavini təyin olundu.

Polislər Zabil Qocayevi 2021-ci ilin 10 iyun tarixində saxlayıb. Ona qarşı Gürcüstan Cinayət Məcəlləsinin 157-ci prima maddəsinin birinci hissəsi ilə (şəxsi həyat sirrinin qanunsuz əldə edilməsi və saxlanılması) ittiham irəli sürülüb. Həmin maddə 4 ildən 7 ilə qədər həbs cəzasını nəzərdə tutur.

Gürcüstan Daxili İşlər Nazirliyinin apardığı istintaq nəticəsində aydın olub ki, Z.Q. 2019-cu ildə tanıdığı qadınla gizli şəkildə şəxsi həyatı təsvir edən video material çəkib və qanunsuz olaraq saxlayıb.

"Marneuli" Radiosu

 

Print