Dörd kəndin əhalisi Marneuli meriyasından suvarma suyunun verilməsini tələb edir
Bu gün, 28 iyun tarixində Araflı, Axlımahmudlu, Yenikənd və Seyidqocalı kəndlərinin əhalisinin bir qismi Marneuli meriyası qarşısına toplaşıb. Onlar suvarma suyu probleminin həllini tələb edirlər.


Əhali “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, 15 gündən artıqdır, kəndlərdə suvarma suyu yoxdur və buna görə də kənd təsərrüfatı məhsulları xarab olur.

“Bizim müqaviləmiz də var ki, bizə su verilməlidir. Artıq ikinci həftədir ki, suvarma suyu tələb edirik. Deyirlər bu gün olacaq, sabah olacaq, ancaq su hələ də gəlmir. Deyirlər ki, mərkəzi kanalda su yoxdur”, – İlqar Şamilov bildirdi.

“Bağçaları suvarmaq istəyirik. Borcumuz var, bu işə çox pul xərcləmişik. Hər bir şey əkib-becəririk. Bizim məhsul susuzluqdan xarab olsa, sonra borcumuzu kim ödəyəcək. Bizim kəndə gedən kanalı bağladılar, başqa kəndlərə su verirlər, bizə isə yox. Deyirlər ki, olacaq, ancaq nə zaman olacaq? 10-15 gündən sonra artıq bütün məhsul yanacaq”, – Zülfüqar Fərəcov dedi.

Meriya qarşısına toplaşmış əhalinin bir qismi Marneuli merinin səlahiyyətlərinin icraçısı Zaur Tabatadze və Gürcüstan Meliorasiya Xram-Debet Xidmət Mərkəzinin rəhbəri Aleksandre Şukakidze ilə görüşüb. Görüş bir saata qədər davam edib. Görüşdən çıxmış aksiya iştirakçıları “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdilər ki, meriya və meliorasiyadan, sabah, 29 iyun tarixində kəndə suvarma suyu veriləcəyi ilə bağlı vəd veriblər. Ancaq su üç gün müddətinə veriləcək.

Gürcüstan Meliorasiya Xram-Debet Xidmət Mərkəzinin rəhbəri Aleksandr Şukakidze “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, suvarma suyu problemi Debet çayında suyun səviyyəsinin azalmasına görə yaranıb.

“Debet çayında suyun səviyyəsi aşağı düşüb. Bu deməkdir ki, Ermənistandan gələn Debet çayı artıq, bir-iki həftə əvvəl gəldiyi səviyyədə gəlmir. Ermənistan Respublikasında əhali nasos stansiyalarını qurmağa başlayıb və bu bizdə suyun azalmasına səbəb olur. Gün ərzində ümumiyyətlə su kəsilir, çox az səviyyədə gəlir və axşam saat 5-6-dan artıq onlar nasos stansiyasını söndürürlər. Nəticədə gecə bizə su gəlir”, — Aleksandre Şukakidze bildirdi.

Şukakidzenin sözlərinə görə, Debet çayından asılı olan bütün kəndlərdə problem yaranıb. Buna görə Gürcüstan Meliorasiyası suvarma suyunu qrafiklə vermək qərarına gəlib.

“Debet çayından asılı olan kəndlər çoxdur. 10-15 ərazi vahidliyinin kəndləri Debet çayından asılıdır. Hər yerdə tənzimləmələr qrafikə əsasən aparılır, çünki suyun səviyyəsi çox aşağıdır.”

Suvarma suyu iki gün ərzində Ağməmmədli-Qasımlı istiqamətində buraxılacaq. Növbəti iki gün Araflı-Aşağı Sarala veriləcək.

"Marneuli" Radiosu
Print