Bu gün, 29 iyun tarixində Marneulinin Daştəpə sakinlərinin bir
qismi suvarma suyu probleminin həll edilməsi tələbi ilə kəndin
mərkəzinə toplaşıb. Ruslan Mirzəyev bu il 6 hektar sahəyə qarğıdalı
əkib.
Toxumu Türkiyədən gətirdib ki, yaxşı məhsul alsın. Ancaq suyun
olmamasına görə, məhsul xarab olur.
Ruslan kimi Daştəpə kəndinin digər sakinlərinin də kənd təsərrüfatı
məhsulları xarab olur. Mahmud Əliyev "Marneuli" radiosu ilə söhbəti
zamanı bildirdi ki, yerli özünüidarə və başqa dövlət məmurlarına
müraciət edib, ancaq problem bu gün də həllini tapmayıb.
Daştəpə sakinləri ilə yanaşı qonşu kəndlərin sakinlərini də suvarma
suyu problemi narahat edir. 28 iyun tarixində Araflı, Axlımahmudlu,
Yenikənd və Seyiqqocalı kəndlərinin sakinlərinin bir qismi suvarma
suyu problemi ilə əlaqədar olaraq meriya qarşısına toplaşmışdı.
Gürcüstan Meliorasiya Xram-Debet Xidmət Mərkəzinin rəhbəri
Aleksandr Şukakidze “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi
ki, suvarma suyu problemi Debet çayında suyun səviyyəsinin
azalmasına görə yaranıb.
“Debet çayında suyun səviyyəsi aşağı düşüb. Bu deməkdir
ki, Ermənistandan gələn Debet çayı artıq, bir-iki həftə əvvəl
gəldiyi səviyyədə gəlmir. Ermənistan Respublikasında əhali nasos
stansiyalarını qurmağa başlayıb və bu bizdə suyun azalmasına səbəb
olur. Gün ərzində ümumiyyətlə su kəsilir, çox az səviyyədə gəlir və
axşam saat 5-6-dan artıq onlar nasos stansiyasını söndürürlər.
Nəticədə gecə bizə su gəlir”, — Aleksandre Şukakidze
bildirdi.
Şukakidzenin sözlərinə görə, Debet çayından asılı olan bütün
kəndlərdə problem yaranıb. Buna görə Gürcüstan Meliorasiyası
suvarma suyunu qrafiklə vermək qərarına gəlib.
“Debet çayından asılı olan kəndlər çoxdur. 10-15 ərazi
vahidliyinin kəndləri Debet çayından asılıdır. Hər yerdə
tənzimləmələr qrafikə əsasən aparılır, çünki suyun səviyyəsi çox
aşağıdır.”
Suvarma suyu iki gün ərzində Ağməmmədli-Qasımlı istiqamətində
buraxılacaq. Növbəti iki gün Araflı-Aşağı Sarala veriləcək.
Qeyd edək ki, Daştəpə kəndi Araflı-Aşağı Saral istiqamətində
yerləşir və onlara suvarma suyu iki gündən sonra veriləcək.