Daştəpə sakinlərinin məhsulu susuzluqdan məhv olur - əhali suvarma suyu tələb edir
Bu gün, 29 iyun tarixində Marneulinin Daştəpə sakinlərinin bir qismi suvarma suyu probleminin həll edilməsi tələbi ilə kəndin mərkəzinə toplaşıb. Ruslan Mirzəyev bu il 6 hektar sahəyə qarğıdalı əkib. Toxumu Türkiyədən gətirdib ki, yaxşı məhsul alsın. Ancaq suyun olmamasına görə, məhsul xarab olur.

MarneuliFM · Ruslan Mirzəyev - Daştəpə kənd sakini


Ruslan kimi Daştəpə kəndinin digər sakinlərinin də kənd təsərrüfatı məhsulları xarab olur. Mahmud Əliyev "Marneuli" radiosu ilə söhbəti zamanı bildirdi ki, yerli özünüidarə və başqa dövlət məmurlarına müraciət edib, ancaq problem bu gün də həllini tapmayıb.

MarneuliFM · Mahmud Əliyev - Daştəpə kənd sakini


MarneuliFM · Cümşüd Məmmədov - Daştəpə kənd sakini


Daştəpə sakinləri ilə yanaşı qonşu kəndlərin sakinlərini də suvarma suyu problemi narahat edir. 28 iyun tarixində Araflı, Axlımahmudlu, Yenikənd və Seyiqqocalı kəndlərinin sakinlərinin bir qismi suvarma suyu problemi ilə əlaqədar olaraq meriya qarşısına toplaşmışdı.

Gürcüstan Meliorasiya Xram-Debet Xidmət Mərkəzinin rəhbəri Aleksandr Şukakidze “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, suvarma suyu problemi Debet çayında suyun səviyyəsinin azalmasına görə yaranıb.

“Debet çayında suyun səviyyəsi aşağı düşüb. Bu deməkdir ki, Ermənistandan gələn Debet çayı artıq, bir-iki həftə əvvəl gəldiyi səviyyədə gəlmir. Ermənistan Respublikasında əhali nasos stansiyalarını qurmağa başlayıb və bu bizdə suyun azalmasına səbəb olur. Gün ərzində ümumiyyətlə su kəsilir, çox az səviyyədə gəlir və axşam saat 5-6-dan artıq onlar nasos stansiyasını söndürürlər. Nəticədə gecə bizə su gəlir”, — Aleksandre Şukakidze bildirdi.

Şukakidzenin sözlərinə görə, Debet çayından asılı olan bütün kəndlərdə problem yaranıb. Buna görə Gürcüstan Meliorasiyası suvarma suyunu qrafiklə vermək qərarına gəlib.

“Debet çayından asılı olan kəndlər çoxdur. 10-15 ərazi vahidliyinin kəndləri Debet çayından asılıdır. Hər yerdə tənzimləmələr qrafikə əsasən aparılır, çünki suyun səviyyəsi çox aşağıdır.”

Suvarma suyu iki gün ərzində Ağməmmədli-Qasımlı istiqamətində buraxılacaq. Növbəti iki gün Araflı-Aşağı Sarala veriləcək.

Qeyd edək ki, Daştəpə kəndi Araflı-Aşağı Saral istiqamətində yerləşir və onlara suvarma suyu iki gündən sonra veriləcək.

"Marneuli" Radiosu
Print