Oktyabr ayında keçirilməsi nəzərdə tutulan Yerli özünüidarə
seçkiləri zamanı “Vahid Milli Hərəkat” partiyasından Marneuli
merliyinə kimin namizəd olacağı ilə bağlı müzakirələr aparılır.
Seçkilərdə merliyə Parlamentin sabiq deputatı, VMH-ın üzvü Azər
Süleymanovun və “Vahid Milli Hərəkatın” Marneuli rayon Təşkilatının
sədri Aqil Mustafayevin namizəd olacağı ilə bağlı ehtimallar var.
“Marneuli” radiosu ilə söhbəti zamanı Aqil Mustafayev seçkilərdə
mer olaraq namizəd olub-olmaması fikirlərinə aydınlıq gətirdi.
Onun sözlərinə görə, hazırda “Vahid Milli Hərəkat” partiyasının
mərkəzi ofisində namizədlə bağlı danışıqlar aparılır.
“Hazırda biz mərkəz və yerli səviyyədə təşkilatın
nümayəndələri ilə bu barədə müzakirələr aparırıq. Bizim üçün ilk
növbədə yerli nümayəndələrimiz, yerli fəallarımız və partiyanın
üzvlərinin fikirləri vacibdir. Eyni zamanda paralel olaraq mərkəzi
ofisimizin verəcəyi qərar çox vacibdir. Yaxın zamanlarda bununla
bağlı dəqiq qərar qəbul olunacaq. Bu gün bu məsələ ilə bağlı “hə”
ya “yox” cavabını verməyə çəkinirəm. Hələ ki, müəyyən məsələlər
təsdiq olunmayıb. Müzakirələr gedir və nəticə yaxın zamanlarda
ictimaiyyətə təqdim olunacaq."
Mustafayev istənilən halda seçkilərdə namizəd olaraq iştirak etməyə
və “Gürcü Arzusu” partiyasına qarşı mübarizə aparmağa hazır
olduğunu bildirdi.
“Bizdə seçimlər çoxdur əlbəttə. Mən “Gürcü Arzusundan”
istənilən şəxslə qələbə çalmağa hazırıq. Əgər komandamız istəsə,
niyə də yox?! Mən namizəd olmağa, “Gürcü Arzusu” ilə mübarizə
etməyə hazıram.”
Gürcüstanda Yerli özünüidarə seçkilərinin 2 oktyabr tarixində
keçiriləcəyi ehtimal olunur.