Bu gün, 30 iyul tarixində, Marneulidə su təchizatı və kanalizasiya
sisteminin qurulması işlərində işlə təmin olunanlar “Akelik Group”
şirkətinin ofisinin qarşısında aksiya keçirib.
20-yə yaxın işçi şirkətin ofisi qarşısında maaş təlləbi ilə
toplaşmışdı. Onlar bildirirdilər ki, şirkət onlara, təxminən 5 ayın
maaşını ödəməyib.
“Ona görə toplaşmışıq ki, bizə əməkhaqqı vermirlər. İki aydır
aldadırlar ki, verəcəklər. Artıq bir ay yarmdır iş dayandırılıb və
maaş köçürmürlər. İndi də ona görə gəlmişik. Ancaq buraya çıxıb
bizə nəisə demək üçün adam yoxdur. Bildirsinlər ki, niyə və hansı
səbəbə görə maaşımızı vermirlər”, – işçilərdən biri
bildirdi.
Marneulidə su təchizatı-kanalizasiya sistemi tikintisini aparan
“Akelik Group” şirkəti “Tera Groupla” müqavilə bağlayıb. İşçilər
hər iki şirkətdən maaş almalıdır. Onların dediyinə görə, onların
bir qismi “Akelik Group”dan üç ayın – dekabr, yanvar və fevral
ayının maaşını, “Tera Group”dan isə may və iyun ayının maaşını
almalıdırlar.
“Texnikada işlədik və pulumuzu ödəmədilər. İki aydır
bizi aldadırlar ki, bu gün sabah verəcəyik, ancaq pul yoxdur.
Böyüklər də gizlənir. Mənim traktorum var və şəxsən mən 11 200 lari
maaş almalıyam. Bunlar (aksiyanın digər iştirakçıları) nə alasıdır
bilmirəm, ancaq bu şirkətdə təxminən 200-ə yaxın işçi var. Pulumuzu
istəyirik, bizə nə düşür onu versinlər. Yalnız seçkilər deyil ki,
seçdik. Darğallıdır kimdir bilmirəm, gəlsin və bizə dəstək
göstərsin”, – Kako Suxitaşvili bildirdi.
Tələbin təmin edilməməsi halında şirkət işçiləri Marneuli meriyası
qarşısında aksiyaları davam etdirməyi planlaşdırırlar.
Qeyd etmək lazımdır ki, Akelik Group şirkətinin işçiləri Marneuli
meriyası qarşısında ötən aylarda da aksiyalar keçirirdilər. İndi
olduğu kimi, onda da əsas tələb şirkətin ödəmədiyi maaşların
ödənməsi idi. 26 aprel tarixində “Akelik Group” işçiləri Marneuli
meriyası qarşısında daha bir aksiya keçirmişdilər. Aksiya zamanı
işçilərin maaşının bir qismi ödənildi və onlara vəd verildi ki,
tezliklə maaşlarını tam ödəyəcəklər. Ancaq vəd yerinə
yetirilməyib.
Şirkət əməkdaşları daha bir aksiyanı 26 mart tarixində
keçirmişdilər. O zaman Marneuli və Qardabani seşki dairəsindən
majoritar deputat seçilən Zaur Darğallı onlarla görüşmüşdü və kömək
göstərəcəyinə vəd vermişdi. Aksiya keçirdikdən sonra Akelik
işçiləri və rəhbərlik arasında görüş keçirilmişdi. Görüşdə Zaur
Darğallı da iştirak etmişdi. Görüşdə şirkət işçiləri daha bir vəd
almışdılar ki, maaşın bir qismi Ramazan ayı başlayana, 13 aprel
tarixinə qədər köçürüləcəkdi. Aksiya iştirakçıları “Marneuli”
radiosu ilə söhbət zamanı bildirdilər ki, 15 aprel tarixində qədər
onların hesabına “Akelik” şirkətindən bir tetri də
köçürülməyib.
Su təchizatı-kanalizasiya sisteminin tikintisi layihəsi şəhər
xidmətinin yaxşılaşdırılması investisiya proqramı çərçivəsində,
Asiya Bankı tərəfindən 55 940 022 dollar maliyyələşdirilir. Tikinti
işlərini Azərbaycan şirkəti “Akelik Group” həyata keçirir.