Marneulidə su təchizatı sisteminin tikintisində işlə təmin olunanlar yenə maaş almır
Bu gün, 30 iyul tarixində, Marneulidə su təchizatı və kanalizasiya sisteminin qurulması işlərində işlə təmin olunanlar “Akelik Group” şirkətinin ofisinin qarşısında aksiya keçirib.

20-yə yaxın işçi şirkətin ofisi qarşısında maaş təlləbi ilə toplaşmışdı. Onlar bildirirdilər ki, şirkət onlara, təxminən 5 ayın maaşını ödəməyib.

“Ona görə toplaşmışıq ki, bizə əməkhaqqı vermirlər. İki aydır aldadırlar ki, verəcəklər. Artıq bir ay yarmdır iş dayandırılıb və maaş köçürmürlər. İndi də ona görə gəlmişik. Ancaq buraya çıxıb bizə nəisə demək üçün adam yoxdur. Bildirsinlər ki, niyə və hansı səbəbə görə maaşımızı vermirlər”,
– işçilərdən biri bildirdi.

Marneulidə su təchizatı-kanalizasiya sistemi tikintisini aparan “Akelik Group” şirkəti “Tera Groupla” müqavilə bağlayıb. İşçilər hər iki şirkətdən maaş almalıdır. Onların dediyinə görə, onların bir qismi “Akelik Group”dan üç ayın – dekabr, yanvar və fevral ayının maaşını, “Tera Group”dan isə may və iyun ayının maaşını almalıdırlar.

“Texnikada işlədik və pulumuzu ödəmədilər. İki aydır bizi aldadırlar ki, bu gün sabah verəcəyik, ancaq pul yoxdur. Böyüklər də gizlənir. Mənim traktorum var və şəxsən mən 11 200 lari maaş almalıyam. Bunlar (aksiyanın digər iştirakçıları) nə alasıdır bilmirəm, ancaq bu şirkətdə təxminən 200-ə yaxın işçi var. Pulumuzu istəyirik, bizə nə düşür onu versinlər. Yalnız seçkilər deyil ki, seçdik. Darğallıdır kimdir bilmirəm, gəlsin və bizə dəstək göstərsin”, – Kako Suxitaşvili bildirdi.

Tələbin təmin edilməməsi halında şirkət işçiləri Marneuli meriyası qarşısında aksiyaları davam etdirməyi planlaşdırırlar.

Qeyd etmək lazımdır ki, Akelik Group şirkətinin işçiləri Marneuli meriyası qarşısında ötən aylarda da aksiyalar keçirirdilər. İndi olduğu kimi, onda da əsas tələb şirkətin ödəmədiyi maaşların ödənməsi idi. 26 aprel tarixində “Akelik Group” işçiləri Marneuli meriyası qarşısında daha bir aksiya keçirmişdilər. Aksiya zamanı işçilərin maaşının bir qismi ödənildi və onlara vəd verildi ki, tezliklə maaşlarını tam ödəyəcəklər. Ancaq vəd yerinə yetirilməyib.

Şirkət əməkdaşları daha bir aksiyanı 26 mart tarixində keçirmişdilər. O zaman Marneuli və Qardabani seşki dairəsindən majoritar deputat seçilən Zaur Darğallı onlarla görüşmüşdü və kömək göstərəcəyinə vəd vermişdi. Aksiya keçirdikdən sonra Akelik işçiləri və rəhbərlik arasında görüş keçirilmişdi. Görüşdə Zaur Darğallı da iştirak etmişdi. Görüşdə şirkət işçiləri daha bir vəd almışdılar ki, maaşın bir qismi Ramazan ayı başlayana, 13 aprel tarixinə qədər köçürüləcəkdi. Aksiya iştirakçıları “Marneuli” radiosu ilə söhbət zamanı bildirdilər ki, 15 aprel tarixində qədər onların hesabına “Akelik” şirkətindən bir tetri də köçürülməyib.

Su təchizatı-kanalizasiya sisteminin tikintisi layihəsi şəhər xidmətinin yaxşılaşdırılması investisiya proqramı çərçivəsində, Asiya Bankı tərəfindən 55 940 022 dollar maliyyələşdirilir. Tikinti işlərini Azərbaycan şirkəti “Akelik Group” həyata keçirir.


"Marneuli" Radiosu
Print