Gürcüstanda dövlət qurumları yaxınlığında yerləşən Avropa İttifaqı
(Aİ), beynəlxalq təşkilatlar və ölkənin diplomatik münasibətləri
olduğu dövlətlərin bayraqlarına zərər vuran şəxslərə qarşı cərimə
tətbiq ediləcək.
Bununla bağlı qanunvericiliyə müvafiq dəyişikliklər hazırlanıb.
Qanun layihəsinin ilkin versiyasına əsasən, bayrağı zədələyən şəxs
1 000 lari (550 man) həcmində cərimə olunacaq. Eyni şəxs həmin
hərəkəti təkrarlayarsa, hakimin qərarı ilə inzibati qaydada həbs
oluna bilər.
Sənədin parlamentin növbədənkənar iclaslarında müzakirəsi
planlaşdırılır.
Qeyd edək ki, iyulun əvvəlində LGBT əleyhdarlarının Tbilisidə
törətdikləri iğtişaşlar zamanı Gürcüstan parlamentinin binası
önündə dalğalanan Aİ bayrağı iki dəfə təhqir olunub. Bu fakt Aİ-nin
Gürcüstandakı nümayəndəliyi və İttifaqa üzv 24 ölkənin
səfirliklərinin birgə bəyanatında təəssüflə və xüsusi narahatlıqla
vurğulanıb.
Mənbə: report.az