Bu gün, 21 iyul tarixində Marneuli meriyası qarşısında su təchizatı
və kanalizasiya sistemi tikintisində çalışan işçilər aksiya
keçirib. Aksiya iştirakçıları yerli özünüidarədən onlara
maaşlarının ödənməsində köməklik göstərməyi tələb edib.
“Darğallını gözləyirik, nə Darğallı yoxdur, nə də şəhərin meri. Bu
qədər adam bura toplaşmşıq, pulumuzu almaq istəyirik. Bizi
işlədiblər, pulumuzu vermirlər. Vəd verdilər, ancaq pul vermirlər”,
– aksiya iştirakçılarından biri bildirdi.
Marneulidə su təchizatı-kanalizasiya sisteminin tikintisini həyata
keçirən “Akelik Group” podratçı şirkət “Tera Group” ilə müqavilə
bağlayıb. İşçilər indi hər iki şirkətdən maaş gözləyir.
Parlamentin Marneuli və Qardabani seçki dairəsindən seçilmiş
majoritar deputatı Zaur Darğallı aksiya iştirakçıları ilə görüşüb.
Onun maaşsız qalmış işçilərə bildirdiyinə görə, bir neçə gündür
“Tera Group” şirkətinin nümayəndələri ilə əlaqə saxlaya
bilmirlər.
“Maaşlardan əlavə bu layihə ilə əlaqədar çox problem
var. Bu qazılmış yollar, sona çatdırılmamış layihədir və biz bir
neçə dəfə nazirlik səviyyəsində, nazir müavini ilə birlikdə
“Tera”-nın yeni sahibi ilə görüşdük. “Akelik”-in rəhbərliyi ilə
fəal təmaslarımız var. Hökumət, mərkəzi, eləcə də yerli hakimiyyət
bu layihənin davam etdirilməsi və başa çatdırılması üçün əlimizdən
gələni edirik. Çətinliklər var və bu birbaşa şirkətin öhdəliyidir.
Bu gün “Tera”-nın sahibi, rəhbərliyi ilə görüşüm olacaq. Hər həftə
bu şirkətlə təmaslarım olur. Maaş məsələsi ilə bağlı hər gün
çalışırıq, nəticə olacaq. Biz şirkətin işçilər və əhali qarşısında
öhdəliyini yerinə yetirməsi üçün hər şey edəcəyik”, –
Zaur Darğallı bildirdi.
Majoritar deputat maaşsız qalmış işçilərə yardım edəcəyinə vəd
verdi. İşçilər isə vədin yerinə yetirilmədiyi halda aksiyaya davam
edəcəklərini bildirdilər.
Qeyd edək ki, “Akelik Group” şirkətinin işçiləri Marneuli meriyası
qarşısında ötən aylarda da aksiyalar keçirirdilər. İndi olduğu
kimi, onda da əsas tələb şirkətin maaşlarını ödəməsi idi. 26 aprel
tarixində “Akelik Group”-un işçiləri Marneuli meriyası qarşısında
daha bir aksiya keçirmişdilər. Aksiya nəticəsində işçilərin
maaşının bir qismi ödənildi və onlara vəd verildi ki, tezliklə
maaşlarını tam ödəyəcəklər. Ancaq vəd yerinə yetirilməyib.
Şirkət əməkdaşları daha bir aksiyanı 26 mart tarixində
keçirmişdilər. O zaman Parlamentin üzvü Zaur Darğallı onlarla
görüşmüşdü və kömək göstərəcəyinə vəd vermişdi. Aksiya keçirdikdən
sonra işçilər və “Akelik”-in rəhbərliyi arasında görüş
keçirilmişdi. Görüşdə Zaur Darğallı da iştirak etmişdi. Görüşdə
şirkət işçiləri maaşın bir qisminin Ramazan ayı başlayana – 13
aprel tarixinə qədər köçürüləcəyi ilə bağlı daha bir vəd
almışdılar. Aksiya iştirakçıları “Marneuli” radiosu ilə söhbətləri
zamanı bildirdilər ki, 15 aprel tarixində qədər onların hesabına
“Akelik” şirkəti tərəfindən bir tetri də köçürülməyib.
Su təchizatı-kanalizasiya sisteminin tikintisi layihəsinə Şəhər
Xidmətinin Yaxşılaşdırılması İnvestisiya Proqramı çərçivəsində
Asiya Bankı tərəfindən 55 940 022 dollar maliyyə ayrılıb. Tikinti
işlərini Azərbaycan şirkəti “Akelik Group” həyata keçirir.