100 yaşlı “Gürcüstan”: nüfuzuna layiq olmayan şəraitdə yaşadılan qəzet, həllini tapmayan əzəli problem
Gürcüstanda Azərbaycan dilində nəşr olunan yeganə rəsmi “Gürcüstan” qəzeti bu il 100 yaşını qeyd edir.

1921-ci ilin mart ayından çap olunan qocaman mətbu orqanı sovetlər dönəmində böyük nüfuza sahib olub. Nəşr tarixində keşməkeşli dövrlərlə çox üzləşib. 1945-ci ildə qəzetin sələfi “Sovet Gürcüstanı”nın nəşri 15 il müddətinə dayandırılıb. Sovet illərində qəzet dövlət mətbəəsində fəaliyyət göstərib, daha sonra binadan çıxarılıb və redaksiya məktəb zirzəmisində məskunlaşmağa məcbur olub.

“Report”un yerli bürosunun əməkdaşları 22 İyul - Milli Mətbuat Günü ərəfəsində qəzetin redaksiyasına baş çəkib, bir əsrlik nəşri bu gün narahat edən məsələlər və üzləşdiyi çətinliklərlə tanış olublar.

Şəraitsiz redaksiya

“Gürcüstan” qəzetinin təşkilati-huquqi forması məhdud məsuliyyətli cəmiyyətdir və MMC-də 51 %-lik pay Gürcüstan hökumətinə məxsusdur. Mətbu orqanın redaksiyası Tbilisidə, Marcanişvili metro stansiyasının yaxınlığında, şəhərin bir sıra dövlət idarələrinin fəaliyyət göstərdiyi sovet dövründən qalma hündürmərtəbəli binanın IV mərtəbəsində 3 otaqda yerləşir. Binanın fasadı kimi interyeri də köhnəlmiş haldadır, bəlkə də tikilinin istismar müddəti çoxdan başa çatıb.

Ziyarətimizlə həftəlik “Gürcüstan”ın yeni nömrəsinin hazırlandığı iş prosesinin şahidinə çevrilirik. Bu prosesi izləyə-izləyə həm də redaksiyanın vəziyyəti ilə bağlı böyük təəssüf hissi keçirib halına acıyırıq.

Üç otaqda təmizlik və səliqəlik olsa da, hər tərəfindən köhnəlik yağır. Aşınmış qapılar, saralmış divarlar və tavan, sıradan çıxmış işıqlandırma sistemi, əksər mebel və digər əşyalar ömürlərini çoxdan başa vurublar. Yalnız masalardakı kompüterlər nisbətən yenidir. Kondisionersiz otaqlarda əməkdaşlar qəzet materiallarını yayın dözülməz istisində ventilyatorların altında hazırlayırlar.

Gürcüstan azərbaycanlılarının mənəvi pasportu

İlk həmsöhbətimiz baş redaktor Xaləddin Yolçuyev olur. “Görünən dağa nə bələdçi?” deyib ona iş şəraiti barədə suallar ünvanlamırıq. Bir ildən çoxdur baş redaktor vəzifəsini tutan Xaləddin müəllim qəzetin Gürcüstanın azərbaycanlı icması üçün önəmini bu sözlərlə ifadə edir: “Bu qəzet Gürcüstan azərbaycanlılarının mənəvi pasportudur. Nəşr azərbaycanlı icmanın mövcudluğunu və onun öz dilinə hörmətini nümayiş etdirir”.

Baş redaktorun sözlərinə görə, qəzetin əsas vəzifəsi yerli azərbaycanlılara öz ana dillərində informasiyaları dolğun, ətraflı və vaxtı-vaxtında çatdırmaqdır: “Qəzetimiz maarifləndirmə funksiyasını da yerinə yetirir. “Azərbaycan dilini daha yaxşı öyrənək” adlı yeni rubrika açmışıq. Burada dilimizdəki sözlərin mənaca təhlilləri təqdim olunur ki, icma maariflənsin. “Gürcüstan” qəzeti Azərbaycan dilinin özünəməxsusluğunu qoruyub saxlayır. Mənim nəvələrim gürcüdilli məktəbdə təhsil alırlar, onları bu qəzeti oxumağa məcbur edirəm ki, Azərbaycan dilində sərbəst danışmağı öyrənsinlər”.

Üç vakant yer var, işçi tapılmır

Qəzetə dövlət tərəfindən hər il 60 min lari həcmində vəsaitin ayrıldığını qeyd edən baş redaktor bu məbləğin qəzetin çapına, əməkhaqlarının ödənilməsi və kommunal xərclərə yönəldildiyini bildirib: “Bizdən otaqlar üçün kirayə haqqı alınmır. Gürcüstan hökuməti imkanı daxilində bizə şərait yaradıb. Ştatımız 15 nəfərdən ibarətdir. Hazırda işçilərimizin sayı 12 nəfərdir. Üç vakant yer var, lakin işçi tapılmır. Səbəb aylıq əməkhaqqının çox aşağı olmasıdır. İndiki zamanda 220-250 larilik maaşa işləməyə razı olan adam tapmaq mümkün deyil. Qəzetimizin əməkdaşları əməkhaqqı üçün deyil, azərbaycançılıq naminə çalışırlar. Onlardan biri işdən çıxsa, qəzet bağlanmaq təhlükəsi ilə üz-üzə qala bilər. Qəzeti sələflərimiz bu günə qədər gətirib çatdırıblar, biz də bu missiyanı çətin olsa da davam etdiririk”.

X.Yolçuyev baş redaktor olduğu müddətdə əldə olunan nailiyyətlərdən və gələcək planlardan da söz açıb: “Qəzetin nüsxə sayı 2 mindən 2 960-a çatdırılıb. Abunə əhatəsini də genişləndirmişik və bu proses davam etdirilir. Abunəçilərimiz arasında əvvəllər qəzet almayan azərbaycanlıların yaşadıqları şəhər və rayonların rəhbər qurumları da var. Gələcəkdə qəzeti rəngli və yeni formatda nəşr etdirmək, yeni rubrikalar açmaq və saytın da yaradılmasını planlaşdırırıq. Lakin bunların hamısı əlavə ştat və vəsait tələb edir”.

Qəzeti yaşatmağı amala çevirənlər, yenidən məkansız qalmaq təhlükəsi

Növbəti həmsöhbətlərimiz qəzetin veteran əməkdaşları - baş redaktorun müavini Binnət Əlioğlu və fotoqraf Şahvələd Eyvazov olur. Qəzeti yaşatmağı öz amallarına çevirənlər gənc nəslə çağırış ediblər.

38 ildir “Gürcüstan”da çalışan B.Əlioğlunun sözlərinə görə, qəzet bundan sonra da oxucuların rəğbətini qazanmaqda davam edəcək: “Qəzeti itirə bilmərik, buna heç nə haqq qazandıra bilməz və gələcək nəsil bizə bunu bağışlamaz. Ona görə də əziyyətli olsa da, borcumuz və amalımız qəzeti yaşatmaqdır”.

O, müasir dövrdə gəncləri yazı-pozuya meyilləndirməyin çətin olduğunu qeyd edib: “Çox istərdik ki, gənclər redaksiyamıza gəlib-getsinlər. Doğrudur, müəyyən işartılar görürük, amma boşluq var və buna təəssüf edirik. Maddi şeylər gəldi gedərdi. Gənclərimiz mənəvi dəyərlərə üstünlük verməlidirlər”.

Ömrünün 44 ilini “Gürcüstan”a həsr edən Ş.Eyvazov qəzetin yaşaması üçün azərbaycanlı icmanın dəstəyini çox vacib hesab edir: “İcma dəstəkləsə, qəzet yaşayacaq. Bu gün biz bacardığımız qədər çalışırıq ki, qəzetin nəşri dayanmasın. Gəncləri dəvət edirik. Ştatımızda da yer var. Redaksiyaya gələ bilməyənlərdən materialı yazıb göndərməyi də xahiş edirik. Kömək edənlər var, amma yetərli deyil”.

Tanınmış fotoqraf qəzetin kollektivinə və oxuculara 100 illik yubileylə bağlı arzularını da çatdırıb: “İlk növbədə, hamıya cansağlığı arzulayıram. Bu qəzet yalnız bizə deyil, azərbaycanlı icmaya məxsusdur. Gürcüstanda yeganə azərbaycandilli qəzetdir ki, 100 yaşı tamam olur. Bu yaxınlarda Bolnisinin Faxralı kəndində olduq. Məktəb direktoru bizə öz təşəkkürünü bildirdi. O, qəzetdə tərcümə etdirib verdiyimiz materiallarla imtahana yaxşı hazırlaşa bilib və direktor təyin olunub. Deməli, qəzetimizə tələbat var. Fəaliyyətimizə yüksək dəyər verənlər çoxdur”.

Qəzetin xanım əməkdaşları – yığıcı-operator İradə Eyvazova və dizayner Linda Allahverdiyevanın çalışdığı otağa da baş çəkirik. Onların kompüterlərinin iş masasının fonunda 2015-2019-cu illərdə qəzetin baş redaktoru olmuş, Gürcüstanın Əməkdar jurnalisti, mərhum İslam Əliyevin fotoşəkli diqqətimizi çəkir. İ.Əliyev qəzetin 100 illik yubileyinə xüsusilə hazırlaşırdı və bu tarixi səbirsizliklə gözləyirdi. Lakin təəssüflər olsun ki, ömür vəfa etmədi.

İradə xanım qəzetdə iki, Linda xanım isə altı ildir çalışır. Hər ikisindən dözülməz şəraitdə və az maaşlı yerdə işləməyə onları nələrin həvəsləndirdiyini soruşuruq. Cavabında İ.Əliyevin kompüterin monitorundan baxan fotoşəklinə işarə edirlər. Xanımlar “Gürcüstan” qəzetini ailə üzvü kimi qəbul edirlər. Onlar da kollektivin yaşlı əməkdaşları ilə çiyin-çiyinə əziyyətlərə qatlaşaraq 100 illik qəzeti yaşadıb gələcək nəsillərə ötürmək missiyasına xidmət edirlər.

Kollektiv yubiley tarixə həsr olunan kitabın nəşrinə hazırlıqlara artıq başlayıb. Nəşrin Azərbaycan və gürcü dillərində işıq üzü görməsi nəzərdə tutulub. Gürcüstan hökumətinin dəstəyi ilə geniş yubiley tədbirinin təşkili də planlaşdırılıb.

Söhbətlər əsnasında məlum olur ki, qəzet 10 ilə yaxındır məskunlaşdığı binadan çıxarılma və yenidən məkansız qalmaq təhlükəsi astanasındadır. Belə ki, yayılan məlumatlara əsasən, bina satılıb, ya təmir-bərpa olunacaq, ya da yerində yeni müasir tikili inşa ediləcək. Redaksiya ilə eyni mərtəbədə fəaliyyət göstərən digər idarələr artıq bununla bağlı xəbərdarlıq alıblar.

“Gürcüstan” qəzetini yaşatmaq lazımdır”

Vaxtilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev “Gürcüstan” qəzetinin fəaliyyətini yüksək qiymətləndirib. 1996-cı ildə Gürcüstana səfəri zamanı ulu öndər nəşri Azərbaycan üçün əziz olduğunu qeyd edərək onun Gürcüstanla Azərbaycan və iki xalq arasında əlaqələrin inkişaf etdirilməsində çox xidmətlər göstərdiyini bildirib: “O vaxt mənim üçün bu, böyük mənəvi dayaq idi. Baxmayaraq ki, mən Naxçıvanda sürgündə idim, bir tərəfdən gürcülər, o biri tərəfdən Gürcüstanda yaşayan azərbaycanlılar məni unutmamışdılar. Bunu qəzet vasitəsilə etmişdilər. Ona görə də “Gürcüstan” qəzetini yaşatmaq lazımdır”.

Bu gün də qəzetin yaşadılmasına dəstəyə böyük ehtiyacı var. Mətbuat orqanının bu günədək öz iş məkanı olmayıb. Ofislə təminat məsələsinin həllinə Gürcüstanda tikinti sektorunda çalışan Azərbaycan şirkətləri də kömək göstərə bilərlər. Həmin özəl şirkətlər Tbilisidə inşa etdirdikləri müasir yaşayış binalarında bir neçə otağı qəzetə ofis üçün yalnız kommunal xərclərin ödənilməsi şərtilə istifadəyə verməklə azərbaycanlı icmaya böyük dayaq göstərmiş olarlar. Rahat və hər bir şəraitli iş məkanı qəzetə gənc məsləkdaşların qoşulmasına da təkan verə bilər.

Mənbə: report.az
Print ელ. ფოსტა
FaceBook Twitter Google