Marneulidə Su Təchizatı sisteminin tikintisində çalışan, əməkhaqqılarını ala bilməyən işçilər Parlament qarşısında aksiya keçirəcəklərini elan edirlər
Marneulidə Su Təchizatı Sisteminin tikintisində işləyən işçilər hələ də əməkhaqqılarını almayıblar. 100-dən artıq işçi artıq bir neçə aydır “Akelik” və “Tera” şirkətindən əməkhaqqılarını tələb etsələr də, nəticə yoxdur.

Bu gün, 3 sentyabr tarixində, əməkhaqqısız qalmış işçilər yenidən Marneuli meriyası qarşısında aksiya keçiriblər. Meriyadan aksiya iştirakçıları ilə görüşmək üçün heç kim çıxmadıqda, işçilər “Gürcü Arzusu”-nun qərargahı qarşısını gediblər.

İşçilərdən biri “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, “Gürcü Arzusu”-nun ofisindən yardım ala bilməyiblər və əməkhaqqılarını nə zaman alacaqlarını da aydınlaşdıra bilməyiblər.

Aksiya iştirakçıları “Gürcü Arzusu”-ndan çıxdıqdan sonra onlara kömək edəcəkləri barədə vəd almayıblar və aksiyanı Parlament qarşısında keçirəcəklərini elan ediblər. Onların sözlərinə görə, gələn həftənin əvvəlindən Tbilisidə, Parlament qarşısında, geniş miqyaslı aksiyalar planlaşdırırlar.

Qeyd edək ki, Marneulidə Su Təchizatı sisteminin tikintisində işləyən işçilərlər 2020-ci ildən əməkhaqqılarının ödənməsi tələbi ilə aksiyalar keçirirlər. Onlar davamlı şəkildə Marneuli meriyasının, “Akelik” və “Tera” şirkətinin və Birləşmiş Su Təchizatı ofisinin qarşısında toplaşırlar.

Asiya İnkişaf Bankı “Su təchizatı-kanalizasiya sisteminin tikintisi” layihəsinə “Şəhər xidmətinin yaxşılaşdırılmasına sərmayə qoyulması” proqramı çərçivəsində 55 940 022 dollar ayırıb. Tikinti işlərini Azərbaycan şirkəti “Akelik Group” həyata keçirir.

"Marneuli" Radiosu
Print