İmamquliyev “Gürcü Arzusu”-nun majoritar deputatlığa namizədini seçiciləri almaqda ittiham edir – Xaxulaşvili ittihamı qəbul etmir
“Avropalı Gürcüstan” partiyasından Marneuli meri vəzifəsinə namizəd Əhməd İmamquliyev “Gürcü Arzusu”-nun Marneulidən majoritar deputatlığa namizədini seçiciləri almaqda ittiham edir.

İmamquliyev xüsusi brifinqdə bildirib ki, Marneulidən majoritar deputatlığa namizədi Vasil Xaxulaşvilinin nümayəndəsi Candar məntəqəsinin sakinlərinə seçkilərdə səs vermə əvəzində yol çəkəcəyini vəd edib.

“Gürcü Arzusu”-nun majoritar deputatlığa namizədi Vasil Xaxulaşvili Marneulidə, Candar kəndində seçiciləri almağa cəhd edir. O, seçicilərə vəd verib ki, hakimiyyətin təqdim etdiyi namizəd öz xərci ilə yolları təmir edəcək. Ancaq bunun əvəzində onlar seçkidə iqtidar partiyasını dairəyə almalıdırlar. Biz artıq bu faktla bağlı Marneuli Bələdiyyəsinin yerli Mətbuat Mərkəzinə müraciət etmişik, ancaq heç bir reaksiya göstərilməyib”, – Əhməd İmamquliyev bildirdi.

Marneuli meri vəzifəsinə namizəd hakimiyyəti seçicilərin alınması faktı ilə bağlı təcili surətdə ölçülər götürməyə çağırıb. Ancaq o, bildirdi ki, hakimiyyətin reaksiya göstərəcəyinə ümid etmir. Çünki seçkilərdə hər hansı yolla səsləri almaq “Gürcü Arzusunun” adətidir.

“Gürcü Arzusu”-nun Marneulidə majoritar deputatlığa namizədi Əhməd İmamquliyevin ittihamını qəbul etmir və əsassız adlandırır. Vasil Xaxulaşvili “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, kəndə yolu yerli biznesmen çəkdirəcək. O, isə kəndə minnətdarlığını bildirmək üçün gedibmiş.

“Biznesmenin adını bilirəm, cənab Elçin, soyadını bilmirəm, xatırlamıram. Moskvadan gəlib və bildiyimə görə, Rusiyada biznesi var. Marneulidə anadan olub böyümüşəm və həmin məhəllədən hər gün keçməli oluram. Keçən zaman gördüm ki, mənim majoritar dairəmdə beton tökürdülər. Sadəcə maraqlandım ki, kim edirdi. Həmin şəxslə tanış oldum və minnətdarlığımı bildirdim, sadəcə bu idi”, – Vasil Xaxulaşvili bildirdi.

Xatırladaq ki, Gürcüstanda yerli özünüidarə seçkiləri 2021-ci ilin 2 oktyabr tarixində keçiriləcək.

Print ელ. ფოსტა
FaceBook Twitter Google