Azərbaycanlı soyadların “rus işğalından” azad olunması məqsədi ilə
Marneulidə imza toplanması davam etdirilir.
“Salam” platforması artıq 36 gündür ki, Gürcüstan Parlamentinə
təqdim etmək üçün Gürcüstan miqyasında yaşayan etnik
Azərbaycanlılardan, eləcə də digər millətlərdən imza toplayır.
Lazımi sayda imza toplanacağı halda qanun layihəsi Parlamentə
təqdim olunacaq və həmin qanuna əsasən etnik Azərbaycalı olan
Gürcüstan vətəndaşları soyadlarının sonluğunu dəyişə
biləcəklər.
“Təxminən iki il ərzində qanunvericilikdə dəyişiklik,
yaxud bizə bu hüququn verilməsini tələb edirdik. Bu tələblərimiz
həyata keçirilmədi və buna görə qərar verdik ki, çətin, ancaq
layiqli yolla və aşağıdan başlanılmış proseslə – 25 000 imza
toplamaqla Parlamentə müraciət edək. Bu gün biz artıq 20 000-ə
yaxın imza toplamışıq və imzaların toplanması müddətinin bitməsinə
10 gün qalıb. Bu dövr ərzində Marneulinin kəndlərinə getməyi və
imza toplamağı planlaşdırırıq” – “Salam”
platformasının təsisçilərindən Kamran Məmmədli bildirdi.
“Salam” platformasının üzvləri növbəti 10 gün ərzində Marneulinin
kəndlərində qapı-qapı gəzəcək və əhalidən imza toplayacaqlar.
Kamran Məmmədli “Marneulİ” radiosu ilə söhbəti zamanı bildirdi ki,
bu gün Gürcüstanda etnik Azərbaycanlıların soyadlarının sonluğunu
dəyişdirə biləcəyi qanun yoxdur.
“Salam”-ın təşəbbüsü isə məhz bu imkanı yaratmaq məqsədi ilə
başladılıb.