Azərbaycanlı soyadlarından rus sonluğunun götürülməsi üçün 36 gündür imza toplayırlar
Azərbaycanlı soyadların “rus işğalından” azad olunması məqsədi ilə Marneulidə imza toplanması davam etdirilir.

“Salam” platforması artıq 36 gündür ki, Gürcüstan Parlamentinə təqdim etmək üçün Gürcüstan miqyasında yaşayan etnik Azərbaycanlılardan, eləcə də digər millətlərdən imza toplayır. Lazımi sayda imza toplanacağı halda qanun layihəsi Parlamentə təqdim olunacaq və həmin qanuna əsasən etnik Azərbaycalı olan Gürcüstan vətəndaşları soyadlarının sonluğunu dəyişə biləcəklər.

“Təxminən iki il ərzində qanunvericilikdə dəyişiklik, yaxud bizə bu hüququn verilməsini tələb edirdik. Bu tələblərimiz həyata keçirilmədi və buna görə qərar verdik ki, çətin, ancaq layiqli yolla və aşağıdan başlanılmış proseslə – 25 000 imza toplamaqla Parlamentə müraciət edək. Bu gün biz artıq 20 000-ə yaxın imza toplamışıq və imzaların toplanması müddətinin bitməsinə 10 gün qalıb. Bu dövr ərzində Marneulinin kəndlərinə getməyi və imza toplamağı planlaşdırırıq” – “Salam” platformasının təsisçilərindən Kamran Məmmədli bildirdi.

“Salam” platformasının üzvləri növbəti 10 gün ərzində Marneulinin kəndlərində qapı-qapı gəzəcək və əhalidən imza toplayacaqlar. Kamran Məmmədli “Marneulİ” radiosu ilə söhbəti zamanı bildirdi ki, bu gün Gürcüstanda etnik Azərbaycanlıların soyadlarının sonluğunu dəyişdirə biləcəyi qanun yoxdur.

“Salam”-ın təşəbbüsü isə məhz bu imkanı yaratmaq məqsədi ilə başladılıb.

"Marneuli" Radiosu
Print