“Avropalı Gürcüstan”-ın Marneuli meri vəzifəsinə namizədi Əhməd
İmamquliyev və Tamarisi-Tsereteli majoritar seçki dairəsindən
deputatlığa namizəd Nini Bakradze Tamarisi kəndində seçkiqabağı
kampaniya aparırlar.
Mer və majoritar deputatlığa namizədlər kənddə qapı-qapı gəzir və
əhalini seçkiyə getməyə, onlara dəstək olmağa çağırırlar.
“Kim Gürcüstanın gələcəyini yaxşılığa doğru dəyişmək istəyirsə,
hamısına uğurlar. Hamı birlikdə – “Gürcü Arzusu”-ndan başqa. Mən
“Gürcü Arzusu”-na uğurlar arzulamıram. Çünki 9 il ərzində onlar
uğurlu olmadılar. Onlar yalnız Rusiyaya xidmət göstərməkdə
uğurludurlar. Ancaq Gürcüstan və Gürcüstan vətəndaşları üçün uğurlu
heç nə etməyiblər”, – Əhməd İmamquliyev “Facebook”-un
canlı efirində bildirib.
“Avropalı Gürcüstan” partiyası seçkilərdə 2 nömrəsi ilə mübarizə
aparacaq.
Qeyd edək ki, “Avropalı Gürcüstan”-ın Marneulidə mer vəzifəsinə
namizədi Əhməd İmamquliyevdir. Onun siyasi karyerası 2014-cü ildə
“Vahid Milli Hərəkatda” başlayıb. Həmin vaxt yerli özünüidarə
seçkilərində partiyanın namizədi olub. İmamquliyev 2017-ci ildən
“Avropalı Gürcüstan”-ın üzvüdür və bu günə qədər Marneuli rayon
təşkilatının rəhbəridir.
Yerli özünüidarə seçkilərində Marneuli bələdiyyəsinin meri vəzifəsi
uğrunda daha iki namizəd – “Gürcü Arzusundan” Kənan Ömərov və
“Vahid Milli Hərəkatdan” Eldar Mustafayev mübarizə aparacaq.