Azərbaycan Dövlət Akademik Musiqili Teatrı ilə Gürcüstanın Giorgi
Eristavi adına Dövlət Peşəkar Dram Teatrı arasında yaradıcılıq
memorandumu imzalanıb.
Bu barədə Dövlət Akademik Musiqili Teatrdan məlumat verilib.
Qeyd edilib ki, memorandumu Azərbaycan Dövlət Akademik Musiqili
Teatrının direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev və
Giorgi Eristavi adına Gürcüstan Dövlət Peşəkar Dram Teatrının bədii
rəhbəri David Çxartişvili imzalayıb.
Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru Ə.Lalayev
memorandumun qarşılıqlı əməkdaşlıq baxımından böyük əhəmiyyət
daşıdığını, son iki ildə hökm sürən mövcud pandemiya şəraitinə və
onun gətirdiyi problemlərə baxmayaraq, Akademik Musiqili Teatrın
kollektivinin gələcək planlar üzərində düşündüyünü, yeni
yaradıcılıq formalarının tətbiqi üçün çalışdığını diqqətə
çatdırıb.
“Azərbaycan və Gürcüstan teatrları arasında memorandumun
imzalanması ölkələrimiz arasında mədəni əlaqələrin ildən-ilə
möhkəmlənməsinə sübutdur. Əminəm ki, bu sənəd yaxın gələcəkdə öz
bəhrəsini verəcək. Yaradıcılıq əlaqələrinin daha da genişlənməsini,
qarşılıqlı qastrol səfərlərinin təşkilini, rejissor, rəssam
mübadiləsini və s. nəzərdə tutan sənəd iki dost ölkənin teatr
sənətçilərini bir-birinə və beynəlxalq teatr aləminə daha da
yaxınlaşdıracaq”, - Ə.Lalayev bildirib.
Mənbə: report.az