Parlamentin deputatı Zaur Darğallının bəyanatına görə, Marneulidə,
Şulaveri inzibati vahidliyində “Vahid Milli Hərəkat”-ın
təşkilatçılığı ilə Mixeil Saakaşvilinin Gürcüstana qayıtması tələbi
ilə aksiya keçiriləcəyi və yolun bağlanmasının planlaşdırılması ilə
bağlı məlumat yayılıb.
Bu gün, 27 sentyabr tarixində, Zaur Darğallı “Gürcü Arzusu”-nun
Marneuli qərargahında keçirilmiş xüsusi brifinqdə bildirib ki,
aksiyanın keçirilməsi və yolun bağlanması halında müvafiq xidmətlər
vaxtında reaksiya göstərəcəklər.
“Bu Milli Hərəkat tərəfindən seçkiqabağı planlaşdırılmış
təxribatların davamıdır. Bunu artıq praktiki olaraq hər gün
Gürcüstanın müxtəlif regionlarında görürük. Marneulidə əhali ilə
seçkiqabağı kampaniya çərçivəsində heç bir görüş keçirməyən partiya
birbaşa təxribata əl atır. Qaranlıq qüvvələr aksiya çərçivəsində
qanuna zidd hərəkətlər planlaşdırırlar. Onlar əhalidən istifadə
etmək və mərkəzi şoseni bağlamaq istəyirlər”, – Zaur
Darğallı bildirib.
Darğallının sözlərinə görə, Şulaveridə aksiya keçirmək birbaşa
sabitliyi pozmağa cəhd deməkdirdir. Çünki avtomobil yolunu bağlamaq
əhalidə qarşıdurma yarada bilər. O, əhalini “Dağıdıcı müxalifətin”
təşkil etdiyi mitinqdə iştirak etməməyə çağırıb. Milli Hərəkatı isə
təxribatlardan çəkinməyə və hər gün seçki mühitini süni şəkildə
pisləşdirmək cəhdindən uzaq durmağa çağırıb.
“Marneuli” radiosu “Vahid Milli Hərəkatın” Zaur Darğallının
səsləndirdiyi ittihamla bağlı mövqeyini öyrənməyə çalışır.
Qeyd edək ki, Gürcüstanda yerli özünüidarə seçkiləri 2 oktyabr
tarixində keçiriləcək.