Gürcüstanda çörəyin qiyməti bahalaşıb - Marneuli sakinləri nə düşünürlər
Bir neçə gündür çörəkxana və mağazalarda çörəyin qiyməti artıb. Şəhla Tomayeva illərdir ki, Marneulidə çörəkxanada işləyir. O, bildirir ki, lavaş 1 lari idi, indi isə 20 tetri bahalaşıb. Bunun səbəbi isə son bir ay ərzində unun qiymətinin artmasıdır.



Mağazalarda çörək 10 tetri bahalaşıb. Yerli sakinlər problemlərdən və işsizlikdən danışırlar. Sakinlər bildirirlər ki, onsuz da ağır olan iqtisadi vəziyyətdə çörəyin qiymətinin artması əhali üçün ağır olacaq. Darecan Kveladze Marneuli bazarında xırdavat satır. O, deyir ki, çörəyin qiyməti artmamalıdır. Çünki çörək dəbdəbəli bir şey deyil və hamının onu almağa imkanı çatmalıdır.

“Əhalinin əsas qismi çörəkdən asılıdır, bahalaşmalı deyildi. İnsan geyimi, qızılı almaya bilər, ancaq çörəksiz qalmaq olmaz. Dövlət çörəyin qiymətini artırmamalıdır”, – Kveladze bildirdi.

Un almaq üçün getmiş alıcılar qiymətin artdığını görüblər. Fəxrəddin Hüseynov tez-tez Marneuli bazarından un alır. O, unun bahalaşmasına səbəb olaraq dolların məzənnəsinin artmasını görür. Tsisana Tedorovna isə qiymətlərin artması ilə bağlı bildirir ki, çörəyin qiymətinin artması sadə əhalini pis vəziyyətə salacaq.



“Hökumət yalnız unun deyil, bütün məhsulların qiymətini artırıb. Kəndlilərin əməyinə qiymət verilmir, başqa nə deyim”, – Tsisana Tedorovna bildirdi.


Roman Tsilosani bir neçə ildir ki, un mağazasında işləyir. O, çörəyin qiymətinin iki həftədən artıqdır ki, artdığını deyir. Onun sözlərinə görə, unu bazadan gətirib satırlar və bir kisə unda 2 lari qazancları olur.

“Bizdə un 65 lari idi. Təxminən iki həftədir 10 lari artıb. Hər şey bahalaşıb, şəkər, düyü, günəbaxan yağı. Bir ədəd lavaş 1,30 tetridir”, – Roman Tsilosani bildirdi.



Gürcüstanda un məhsullarının qiymətinin artması ilə bağlı Çörəkxanalar Assosiasiyasının sədri Malxaz Dolidze bildirib ki, çörəyin bahalaşması dünya bazarında taxılın qiymətinin artması ilə əlaqədardır. Ölkədə çörək və un məhsulları 13,2% bahalaşıb.

Print ელ. ფოსტა
FaceBook Twitter Google