Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Natia Turnava və
Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı naziri
Levan Davitaşvili ekoturizm strategiyasını imzalayıblar.
Qeyd edilənlərə görə, ekoturizm strategiyasının məqsədi ölkə
daxilində rəqabətqabiliyyətli ekoturizm xidmətləri və məhsulları
yaratmaq, diversifikasiya etmək, keyfiyyətini artırmaq və inkişaf
etdirməkdir.
Natia Turnavanın sözlərinə görə 2030-cu ilə qədər Gürcüstan
Qafqazın zəngin yaşayış mədəniyyəti və təbiəti, eləcə də yüksək
keyfiyyətli xidmətləri nəzərə alınmaqla dörd mövsüm üçün ekoturizm
təklifləri təqdim edəcək və Qafqaz regionunda aparıcı ekoturizm
ölkəsi olacaq.
“Nazirliyimizin, eləcə də Ətraf və Kənd Təsərrüfatı
Nazirliyinin, Almaniya hökumətinin və Almaniya Beynəlxalq
Əməkdaşlıq Cəmiyyətinin iştirakı ilə Gürcüstanda ekoturizmin
inkişafı üçün 10 illik strategiya, onun əsas prinsiplərini
hazırladıq.
Ümumiyyətlə ekoturizmin inkişafı üçün təbiət və mədəni irslə
harmoniyada olmaq vacibdir. Onu da qeyd etmək istərdim ki, yaxın
zamanlarda "Gürcüstanda istehsal et" proqramı çərçivəsində ayrı bir
ekoturizm komponentini təsdiqlədik ki, bu da təkcə kredit faizləri
üzrə subsidiyalar və birgə zəmanətləri deyil, həm də qrantların
verilməsini də əhatə edəcək", - deyə Natia Turnava
qeyd edib.
2020-2030-cu illər Strategiyası Almaniya Beynəlxalq Əməkdaşlıq
Cəmiyyəti (GIZ), Ətraf və Kənd Təsərrüfatı Nazirliyinin Qorunan
Ərazilər Agentliyi (APA) və Milli Meşəçilik Agentliyinin (NFA)
dəstəyi ilə Milli Turizm İdarəsi tərəfindən, həmçinin, Gürcüstan
Ekoturizm Birliyi tərəfindən hazırlanıb.
Rəsmi məlumatlara görə, sənəd ekoturizmin əhəmiyyətini
müəyyənləşdirib, həmçinin, Milli Turizm Administrasiyasının digər
qurumlarla birlikdə həyata keçirəcəyi 2021-2023-cü illər üçün
məqsədlərini də ifadə edib.
Məsələn, meşə sahələrində ekoturizmin inkişaf planlarının (icarə
obyektlərinin) hazırlanması, yolların tənzimlənməsi, müəyyən
mühafizə olunan ərazilərdə milli parklara gələnlər üçün sərhəd
icazələrinin tənzimlənməsi, niş məhsullarının yaradılması, yerli
ənənəvi istehsalın inkişafı, təhsil fəaliyyəti və s.
Qeyd edilənlərə görə, Gürcüstandakı ekoturizm turistlər üçün
orijinal bir təcrübə təqdim edir, yerli icmalara fayda verir və
ölkənin iqtisadi rifahına əhəmiyyətli dərəcədə töhfə verir; Eyni
zamanda, təbii və mədəni irsin qorunmasını, turistlər və yerli
əhali arasında ekoloji maarifləndirməni təmin edir.