Gürcüstanın bəzi bölgələrində koronavirusa yoluxma halları yenidən artıb
Gürcüstanın bəzi bölgələrində koronavirusa yoluxma halları yenidən artıb.

Paytaxt Tbilisidə və daha bir neçə regionda məktəblər və uşaq bağçaları bağlanıb, bəzi məktəblərin aşağı sinifləri onlayn təhsilə keçiblər.

Gürcüstanın Xəstəliklərə Nəzarət Milli Mərkəzinin Kaxeti bölgəsi üzrə rəhbəri bildirib ki, regiondakı kovid-klinikalarda boş çarpayı yoxdur. Bölgə üzrə koronavirusa yoluxma halları 20 faizdən çoxdur.

Mərkəzdən verilən məlumata görə, son 14 gündə bölgədə yoluxma 17 faiz, yeddi gün ərzində 19 faiz, son sutkada isə 20 faizdən çox olub.

İlk növbədə yoluxma məktəblərdə və uşaq bağçalarında qeydə alınıb. Hazırda bölgədə 39 uşaq bağçası bağlanıb, 6 məktəb isə yenidən distant təhsilə keçib.

Qeyd edək ki, oktyabrın 4-dən Gürcüstanda məktəblərdə dərslər birbaşa siniflərdə keçirilir, uşaq bağçaları da açılıb. Lakin bu gün paytaxt Tbilisidə də 40-a yaxın uşaq bağçası koronavirusa görə bağlanıb. Bəzi məktəblərin bir neçə sinfində dərslər onlayn qaydada keçirilir.

Məlumat üçün qeyd edək ki, Gürcüstanda son ötən sutkada daha 3 270 nəfərdə koronavirus aşkarlanıb, 1 298 nəfər müalicə olunaraq sağalıb, 26 pasiyent həyatını itirib.

Gürcüstan hökumətinin xüsusi rəsmi saytında yerləşdirilən məlumata görə, ölkədə COVID-19 infeksiyasına yoluxanların ümumi sayı 652 677-yə, sağalanların sayı 608 861-ə, ölənlərin sayı isə 9 396-ya çatıb.
Print