Gürcüstan və ABŞ Cənubi Qafqazda sülh təşəbbüsünü müzakirə ediblər
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ABŞ-ın müdafiə naziri Lloyd Austinlə keçirdiyi görüşdə Azərbaycan və Ermənistan arasında əldə olunan humanitar razılaşmaya toxunulub.

Bu barədə Gürcüstanın hökumət administrasiyasından bildirilib.

İ.Qaribaşvili bölgədə sülh və sabitliyin bərpa olunmasının önəmini qeyd edib. Bu kontekstdə Gürcüstanın vasitəçiliyi və ABŞ-la sıx əməkdaşlıq nəticəsində Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşma vurğulanıb. Bildirilib ki, bu razılaşma regionda dialoqa imkan verir və təhlükəsizliklə bağlı vəziyyəti yaxşılaşdırır.

Baş nazir həmçinin BMT tribunasından irəli sürdüyü yeni Dinc Qonşuluq Təşəbbüsü barədə də danışıb. Onun sözlərinə görə, təşəbbüsün məqsədi bölgədə sülh və sabitliyi təmin etməkdən ibarətdir. İ.Qaribaşvili ABŞ-ın bu prosesdə dəstəyinin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Xatırladaq ki, bu ilin iyunun 12-də Gürcüstanın vasitəçiliyi ilə Ermənistan Ağdam rayonu üzrə tank və piyada əleyhinə 97 min minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim edib. Bunun müqabilində saxlanılan 15 nəfər erməni Azərbaycan-Gürcüstan sərhədində Gürcüstan nümayəndələrinin iştirakı ilə Ermənistana təhvil verilib.

Mənbə: report.az
Print ელ. ფოსტა
FaceBook Twitter Google