Mirtağı Əsədov Saakaşvilinin azadlığa buraxılması ilə bağlı petisiyaya imza atıb
Mixeil Saakaşvilinin azadlığa buraxılması üçün petisiya başladılıb. Həmin petisiyaya imza atanlardan biri də Ümum Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin sədri və şeyxi Mirtağı Əsədovdur. O, Marneuli radiosu ilə söhbəti zamanı bildirdi ki, insani tərəfdən petisiyaya imza atıb, çünki, onun fikrincə, indiki vəziyyətdə Saakaşvilinin həyatı təhlükədədir.

“Bizim petisiyanı imzalamağımızda heç bir siyasi baxış yoxdur. Sadəcə biz insanlıq naminə imza atmışıq. Biz buna insani tərəfdən yanaşmışıq. Onun həyatı üçün təhlükə var. Saakaşvili də ona qarşı edilən qanunsuz həbsi boykot edir və ona qarşı başladılan cinayətlə razılaşmır. Buna görə də aclıq elan edib. Biz də dini, vicdani və bir borc olaraq çağırış edirik ki, bunu dayandırsınlar. Əgər dayandırmasalar, ona nəsə olsa, indiki hakimiyyətin üzərində qalacaq. Biz demirik ki, onun dövründə səhv olmayıb. Amma, onun da xidmətləri olub. Ona görə, də o azadlığa buraxılmalıdır.”

Şeyxin sözlərinə görə, əgər hər hansısa faciə baş versə, bunun nəticələri pis olacaq.

“Ona görə ki, bir ölkənin keçmiş prezidentinin ölümünə göz yummaq faciə ilə nəticələnəcək. Bu isə qarşısını ala bilməyəcəmiz pis nəticələr doğuracaq. Ona görə də biz hakimiyyətə çağırış edirik ki, şəxsi ambisiyalarını kənara qoysunlar. Əgər insanın cinayəti varsa, ev dustaqlığına buraxsınlar və istintaq aparsınlar. Ondan sonra qərar versinlər.”

Qeyd edək ki, Mixeil Saakaşvili 1 oktyabr tarixində Tbilisidə polis tərəfindən həbs edilib. Həbs edildikdən sonra Rustavi şəhərində yerləşən 12 saylı cəzaçəkmə müəssisəsinə yerləşdirilib. Saakaşvili elə həmin gündən də aclıq aksiyasına başlayıb.

Print ელ. ფოსტა
FaceBook Twitter Google