Marneulidə seçkilərin yekun nəticələri açıqlanıb
Marneulinin 22 saylı Dairə Seçki Komissiyası yerli özünüidarə seçkilərinin yekun protokollarını tərtib edib. Komissiya sədri Ani İluridze “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, hər üç protokolu qanuna uyğun müddətdə hazırlayıblar.

Yerli özünüidarə seçkilərində üç növ yekun protokol – proporsional, majoritar və mer seçkilərinin protokolları tərtib edilib.

“Bildiyiniz kimi, üç namizədimiz var idi, 2, 5 və 41. “Gürcü Arzusu”-nun namizədi Kənan Ömərov səslərin 68,12%-i toplayıb və mer seçilib. Bələdiyyə Məclisində, ümumilikdə, 33 deputat olacaq. Onlardan 22 proporsional siyahı, 11 isə majoritar siyahı ilə seçilib. 11 majoritar dairədə “Gürcü Arzusu”-nun namizədləri qalib gəlib. Proporsional siyahıya əsasən Bələdiyyə Məclisinin 6 üzvü “Vahid Milli Hərəkat”-dan, 16  üzvü isə “Gürcü Arzusu"-ndan olacaqlar. Digər partiyalar isə 3%-lik keçidi aşmayıblar.”

Marneuli 22 saylı Dairə Seçki Komissiyasının sədrinin sözlərinə görə, Marneuli miqyasında yalnız iki daşınan qutu etibarsız hesab edilib. Komissiya 65 və 68 saylı məntəqələrdə daşınan qutunu etibarsız hesab edib. Çünki həmin qutuların bütövlüyü pozulubmuş.

“Demək istəyirəm ki, seçkilər sakit keçdi. Mühüm hadisələr olmadı. Hansısa problem olduğu halda komissiya üzvləri ilə birlikdə hadisə yerinə gedirdik və müvafiq olaraq problemlər yerindəcə həll olunurdu”,
– Ani İluridze bildirdi.

Marneuli 22 saylı Dairə Seçki Komissiyasının sədrindən fərqli olaraq, “Beynəlxalq Şəffaflıq Gürcüstan” Marneulidə keçirilmiş seçkiləri mənfi qiymətləndirir və bildirir ki, bütün ölkə miqyasında seçki günü ən çox problem Marneulidə qeydə alınıb.

Gürcüstan qanunvericiliyinə əsasən, Marneulinin yeni seçilmiş meri Kənan Ömərov seçki komissiyası yekun protokolunu elan etdikdən sonra 11-ci gün səlahiyyətlərini icra etməyə başlamalıdır. Marneuli Dairə Seçki Komissiyası yekun protokolları 16 oktyabr tarixində tərtib edib. Müvafiq olaraq, Ömərov 27 oktyabra qədər səlahiyyətlərin icrasına başlamalıdır. Yeni təşkil edilmiş Bələdiyyə Məclisi isə Mərkəzi Seçki Komissiyasınının yekun protokolunun yayımlanmasından 30 gün ərzində fəaliyyətə başlamalıdır.

Print ელ. ფოსტა
FaceBook Twitter Google