Avropa İnsan Hüquqları Məhkəməsi 2008-ci il müharibəsi ilə bağlı
Gürcüstana qarşı iki iş üzrə qərarını açıqlayıb.
Bu barədə Gürcüstanın Ədliyyə Nazirliyindən bildirilib.
Strasburq məhkəməsi “Bekoyeva və digərləri Gürcüstana qarşı” və
“Şavloxova və digərləri Gürcüstana qarşı” işləri üzrə müraciətləri
qəbuledilməz hesab edib.
Şikayətlərdə Tsxinvali bölgəsinin sakinləri Gürcüstanı ittiham
ediblər. Avropa Məhkəməsi isə Rusiyanın Tsxinvali bölgəsini aktiv
şəkildə bombalaması, Gürcüstan Silahlı Qüvvələrinin region və
ətrafına nəzarət həyata keçirə bilməməsi ilə bağlı rəsmi Tbilisi
tərəfinin arqumentləri ilə razılaşıb. Bu səbəbdən Gürcüstan
tərəfinə hər hansı bir pozuntunu aid etmək mümkün olmayıb.
Strasburq məhkəməsi həmçinin Gürcüstan tərəfinin ittihamların açıq
şəkildə əsaslandırılmamış olması ilə bağlı arqumenti ilə də
razılaşıb, belə ki, iddialara minimum standarta uyğun sübutlar
əlavə edilməyib.
Qeyd edək ki, bu il Gürcüstan artıq ikinci dəfədir Avropa
Məhkəməsində Rusiyanı udur. Belə ki, yanvarın 21-də məhkəmənin
“Gürcüstan Rusiyaya qarşı” iş üzrə qəbul etdiyi qərara əsasən,
Rusiya 2008-ci ilin avqustundakı müharibə zamanı gürcülərə qarşı
etnik təmizləmə həyata keçirib.