Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin xanımı, Ukrayna
Ali Radasının deputatı Yelizaveta Yasko aclıq aksiyası keçirən
həyat yoldaşının vəziyyətinin kritik həddə çatdığını bildirib.
Bu barədə Yelizaveta Yasko feysbukdakı səhifəsində yazıb.
"Gürcüstan həbsxanasında olan Mixeil Saakaşviliyə
dördüncü dəfədir baş çəkirəm. Bu gün çox danışdıq. Təxminən beş
saat... Bu gün aclıq aksiyasının 22-ci günüdür. Mixeil, əvvəlki
kimi sonadək mübarizə aparmaq əzmindədir. Mən ondan dəfələrlə
aclığı dayandırmasını xahiş etmişəm, amma qərar dəyişilməzdir.
Mixeil Saakaşvilinin səhhəti pisləşir və bu, çox açıq şəkildə
görünür. Onun tab gətirməsinə şadam. Amma bu dəfə kədərliyəm. Çünki
onun təhlükədə olduğunu başa düşürəm. Və artıq kritik vəziyyətə
yaxınlaşır", - Yasko feysbukda yazıb.
Xatırladaq ki, M.Saakaşvili oktyabrın 1-də Tiflisdə saxlanılıb və
Rustavidəki 12 saylı penitensiar müəssisəyə yerləşdirilib.
Mənbə: report.az