Gürcüstanın Təhsil və Elm Nazirliyində Azərbaycan dilli
məktəblərində olan problemlər müzaikrə olunub.
Görüşdə məktəblərdə kadr çatışmazlığından da söhbət açılıb. Bu
barədə məlumatı “Marneuli” radiosu ilə söhbəti zamanı Aygül İsayeva
təsdiq etdi. Onun sözlərinə görə, görüş zamanı təhsil sahəsində
olan məlumat problemi də diqqət mərkəzində olub.
“Azərbaycandilli məktəblərdə kadr çatışmazlığı,
müəllimlərin sertifikatlaşdırılması və status alması ilə bağlı
yaranan çətinliklərdən danışdıq. Dərsliklərdə mövcud olan
nöqsanlar, təhsil qanunvericiliyində edilən dəyişikliklərlə bağlı
yeni qaydaların, məktəb direktorlarına və müəllimlərə düzgün və
vaxtında məlumatlandırılmasında yaranan informasiya qıtlığı
müzakirə edildi. Görüş zamanı 1+4 proqramı ilə təhsil alan
gənclərin universitetə qəbul imtahanlarında təkcə məntiqdən deyil,
Azərbaycan dili və ədəbiyyatdan da imtahan vermələri, o cümlədən
məktəblərdə gürcü dili ilə yanaşı Gürcüstan ədəbiyyatının tədrisi
ilə bağlı təkliflər də edildi. Yaşı 50-dən çox olan müəllimlərin
sertifikatlaşdırılması, baş müəllim statusu almaları üçün məntiqdən
imtahanın Azərbaycan dilində verilməsi təklif olundu. Qeyd edim ki,
müəllimlər öz ixtisaslarından Azərbaycan dilində imtahan verir,
ancaq məntiqdən gürcü dilində imtahan verirlər. Yaş qruplarına
bölünməsi təklif edildi. Gənclər təhsil nazirliyinin təklif etdiyi
qaydada davam etsinlər, nisbətən yaşlılar, o cümlədən təqaüd yaşına
çatanlar isə imtahanı Azərbaycan dilində
versinlər.”
İsayeva görüşün təfərrüatları barədə də danışdı. O, bu görüşü
müsbət dəyərləndirdi. İsayeva deyir ki, təhsil sahəsində yaranan
problemləri canlı görüşlər keçirərək müzakirə etmək olduqca
effektivdir.
“Görüş çox məsuldar oldu. Nazirlikdə bəzi məsələrlə bağlı yanlış
məlumatlar olduğu üçün belə görüşlərin keçirilməsi mühümdür. Təhsil
nazirliyinin nümayəndələrinin bizi dinləməsi, problemlərin həlli
üçün birlikdə çalışmaq istəyini yüksək
qiymətləndirirəm.”
İsayeva Təhsil nazirliyi tərəfindən də görüşün böyük maraqla
qarşılandığını deyir. O bildirir ki, onlar tərəfindən irəli sürülən
təkliflərin təhsil nazirliyi tərəfindən nəzərə alınacağı
vurğulanıb. Həmçinin o, qeyd etdi ki, bu kimi görüşlərin tez-tez
keçirilməsi planlaşdırılır.
İctimai məktəblərdə təhsilin keyfiyyəti mövzusuna da toxunan
İsayevanın sözlərinə görə, o, görüş zamanı məktəblərdə keyfiyyətli
kadrların yetişdirilməsi mövzusunu da müzakirə edib.
“İctimai məktəblərdə keyfiyyətli təhsil önəmlidir.
Nazirlikdə vurğulamaq istədiyimiz məsələlərdən biri də kəmiyyət
deyil, keyfiyyətə önəm verilməsi, keyfiyyətli kadrların
yetişdirilməsi məsələsi idi. Təəssüf ki, elə məktəblər var ki,
müəllimlər öz ixtisasları üzrə dərs demir. Bu da valideynlərin öz
övladlarını milli məktəblərdən uzaqlaşdırmasına, məktəblərin
bağlanmasına gətirib çıxarır.”
Qeyd edək ki, Təhsil və Elm Nazirliyində görüş 2 dekabr tarixində
“Maarif” təşkilatının təşəbbüsü ilə baş tutub.
Görüşdə “Maarif” təşkilatının və qəzetinin rəhbəri Ələddin
Qarabağlı, Beynəlxalq Qafqaz Universitetinin assosativ professoru,
iqtisadiyyat üzrə fəlsəfə doktoru Aygül İsayeva, Təhsil və Elm
nazirliyinin Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Kaxa
Xandolişvili, etnik azlıqların dilləri üzrə ekspert Despine Koiava
və nazirliyin digər əməkdaşları da iştirak ediblər.