“Gürcüstan” qəzetinin keçmiş şöbə müdiri dünyasını dəyişib
“Gürcüstan” qəzetinin keçmiş şöbə müdiri, Gürcüstanın Əməkdar mədəniyyət işçisi, jurnalisti, şair-publisist Nəsib Nəsibov 84 yaşında dünyasını dəyişib.

Bu barədə məlumatı “Marneuli” radiosuna “Gürcüstan” qəzetinin redaktor müavini Binnət Əlioğlu verdi. O, Nəsib Nəsibovun vəfatının Gürcüstan azərbaycanlıları üçün çox ağır bir itki olduğunu dedi.

Qeyd edək ki, Nəsib Nəsibov 1938-ci ilin 18 martında Marneuli rayonunun Böyük Muğanlı kəndində anadan olub. Orta təhsilini də elə həmin kənddə alıb. O, məktəbi bitirdikdən sonra Bakı şəhərinə gedərək, Azərbaycan Dövlət Univerisitetinin Şərqşünaslıq fakültəsinə daxil olub. 1961-ci ildə ali məktəbi bitirdikdən sonra doğma kəndinə qayıdaraq, mədəniyyət evində direktor vəzifəsində çalışıb.

Nəsibov 1963-cü ildən “Gürcüstan” qəzetində işləyib və şöbə müdiri vəzifəsinə qədər yüksəlib. O, bununla yanaşı 1993-cü ildən 2000-ci ilə qədər Gürcüstan Dövlət Təhlükəsizlik Nazirliyi Akademiyasının xarici dillər kafedrasında müəllim, daha sonra isə baş müəllim kimi işləyib.

“Şərəf” ordenli N.Nəsibov leksikologiya sahəsində də işlər görüb. O, 1987-ci ildə 21 000 söz və ifadədən ibarət “Gürcücə-azərbaycanca lüğət” kitablarının həmmüəllifi olub. O, kitabı Süleyman Süleymanov və Venera Cangidze ilə birlikdə hazırlayıb.

Nəsib Nəsibov bir sıra şeir və məqalələrin müəllifidir. Onun əsərləri Gürcüstan və Azərbaycan jurnallarında da dərc olub. O, gürcü şair və yazıçıların bir sıra əsərlərini Azərbaycan dilinə tərcümə edib. Bununla yanaşı, bir sıra dərsliklərin tərcüməsinin də müəlliflərindəndir. O, gürcü, rus, azərbaycan, türk və fars dillərində bilirdi.

Print ელ. ფოსტა
FaceBook Twitter Google