Marneuli şəhərində 200 000 lari dəyərində infrastruktur layihəsinin
həyata keçirilməsi planlaşdırılır.
Bu barədə Marneuli Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadze
Bələdiyyə Məclisinin 18 aprel tarixində keçirilən iclasında
danışıb. Onun sözlərinə görə, şəhərin girişindən Rustaveli
küçəsindən keçməklə, Səməd Vurğun küçəsinin sonuna qədər səkilər,
elektrik xətləri və s. qaydasına salınacaq.
“Planlaşdırmışıq və merlə razılaşmışıq. İlin sonunda mühüm layihə
etmək istəyirik. Layihə şəhərin girişindən, dəmiryolu keçidinə
qədər olan ərazini əhatə edəcək. İçməli su, kanalizasiyalar,
asfaltı qatı, səkilər, elektrik xətləri - bütün işlər həyata
keçiriləcək. Elektrik xətləri yuxarıda çox pis görünür, yerin
altından çəkiləcək”, - Qiorqadze bildirib.
Qiorqadzenin sözlərinə görə, ilin sonuna qədər layihə alınacaq və
güman ki, 2023-cü ildən işlərə başlanılacaq.