Bu gün, 13 may tarixində Marneuli “Modus” kollecinin, gürcüdilli
turist bələdçisi hazırlıq proqramının dinləyicilərinə sertifikatlar
verilib.
Kollecin direktoru Nino Kavtaradze “Marneuli” radiosuna bildirdi
ki, proqram Marneuli “Modus” kollecində bu il ilk dəfə həyata
keçirilib və üç ay davam edib.
“Kvemo Kartlidə turizm istiqaməti aktual və mühüm
istiqamətlərdən biridir. Bu proqram USAİD-in proqramının dəstəyi
ilə həyata keçirildi. Təchizat alınmasında, proqramın tərtib
olunmasında da bizə kömək etdilər. Bizim məzunlar artıq təcrübəli,
ixtisaslı turist bələdçisi olacaqlar. Onlar Marneulidə turist
təşkilatları ilə əməkdaşlıq edə bilərlər. Qrupda həm gürcülər həm
də azərbaycanlılar birlikdə təhsil alırdı”, – Nino
Kavtaradze bildirdi.
Tədbirdə Peşə Bacarıqları Agentliyinin direktoru Tamar Kitiaşvili,
yerli özünüidarə nümayəndələri və digər dəvət edilmiş qonaqlar
iştirak edirdilər. Kitiaşvilinin sözlərinə görə, Marneuli “Modus”
kolleci gələcəkdə əhaliyə daha maraqlı yeniliklər təklif
edəcək.
“Marneuli “Modus” kolleci inkişaf edir. Artıq proqram
rəngarəngliyi də yaradılıb. Bu gün sertifikatların verilməsində
iştirak etdik. Bu proqram regionda turizmin inkişafı üçün çox
vacibdir. Peşə Bacarıqları Agentliyi Marneuli “Modus” kollecinə
müxtəlif istiqamətlərin əlavə olunmasında, eləcə də xidmtələrin
artırılmasında öz dəstəyini göstərəcək. Bu isə özlüyündə müxtəlif
yaşda olan adamların cəlb edilməsinə dəstək olacaq. Gürcü dili
proqramının yeni modeli üzərində işləyirik. Bu modeli ilk təqdim
edənlərdən biri Marneuli “Modus” kolleci olacaq”, –
Kitiaşvili bildirdi.
Üç aylıq proqramın məzunları tədbirdə özləri tərəfindən
hazırlanmış, Marneuli şəhər turunun təqdimatını göstəriblər.
2022-ci ildə Marneuli “Modus” kolleci 6 peşə proqramına qəbul elan
edib:
- İnformasiya texnologiyalarına dəstək
- Elektriklik
- Tərəvəzçilik
- Meyvəçilik
- Mühasibat uçotu
- Tərbiyəçi